Xalq yazıçısı Elçinin son illər Azərbaycan ədəbiyyatının böyük uğuru kimi qiymətləndirilən “Baş” romanı xarici ölkələrdə geniş yayılmaqdadır. Son dövrdə əsər Türkiyə, Almaniya, Rusiya, Misir, Moldova və digər ölkələrin məşhur nəşriyyatları tərəfindən nəşr edilib, bir sıra xarici mətbuat orqanlarında dərc olunub.
Bu nəşrlər ədəbi tənqidin diqqət mərkəzində olub, mətbuat “Baş” romanını ancaq milli ədəbiyyatın deyil, ümumiyyətlə müasir dünya nəsrinin hadisəsi kimi işıqlandırıb.
Bu günlərdə İtaliyanın “Roma–Sandro Teti Editore” nəşriyyatı “Baş” romanını italyan dilində nəfis tərtibatla çap edib. Əsəri Olqa Mazzina tərcümə edib. Kitabın tərtibatı Laura Perettiyə məxsusdur.
Məlumat üçün bildirək ki, “Baş” romanı ABŞ, İngiltərə və Çex Respublikasında da nəşrə hazırlanır.
azertag.az