Kənd Təsərrüfatı Nazirliyi bayram yarmarkalarının keçirilməsinə başlayır
20.12.2018

Sabahdan Bakıda kənd təsərrüfatı məhsullarının satış yarmarkaları işə başlayacaq.

Bu barədə Kənd Təsərrüfatı Nazirliyi yanında “Dövlət Aqrar Ticarət Şirkəti” MMC-nin direktoru Leyla Məmmədova məlumat verib.

Onun sözlərinə görə, dekabrın 30-dək davam edəcək yarmarkada azərbaycanlı fermerlər pulsuz iştirak edəcəklər.

“Bayram yarmarkalarına çıxarılacaq məhsulları Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları yoxlayaraq satışa buraxacaq. Nazirlik qiymətlərin formalaşmasında iştirak etməyəcək, yəni qiymətlər tələb-təklif əsasında müəyyən ediləcək. Bununla belə, qiymətlərin münasib olması üçün fermerlərlə danışıqlar aparılır, maarifləndirici işlər görülür. Yarmarkada 110 fermer iştirak edəcək. Bundan başqa, 33 arıçı məhsullarını yarmarkaya çıxaracaq. Onlar eyni geyimdə - xalatda olacaqlar. Növbəti illərdə də bu tipli yarmarkaların təşkilini planlaşdırırıq”, - o qeyd edib.

L.Məmmədovova rəhbərlik etdiyi şirkətin reallaşdırdığı “Kənddən şəhərə” layihəsi barədə də danışıb və Bakıda ilk mağazanın gələn həftə açılacağını deyib: "Mağazada həm xammal, həm də emal olujnmuş formada yerl qida məhsullarının satışı həyata keçiriləcək".

Bundan başqa, onun sözlərinə görə, hazırda “Dövlət Aqrar Ticarət Şirkəti” yerli fermerlərin məhsulunun ölkədən xaricdə satışını təşkil etməklə də məşğuldur: “Rusiya və Ukraynaya pambıq, sarımsaq, xurma və nar ixrac edirik. Digər ölkələrlə - Qazaxıstan, Bolqarıstan və Rumıniya də danışıqlar aparırıq, xurma və nar ixracı ilə bağlı təkliflər almışıq”.

report.az