9-cu sinif üzrə buraxılış imtahanlarının keçirilməsi qaydaları açıqlandı
24.12.2018

Nazirlər Kabinetinin “Ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması Qaydaları”nda dəyişikliklər edib.

Qaydalarda qeyd edilir ki, təhsilalanların yekunqiymətləndirilməsi (attestasiyası) üçün Dövlət İmtahan Mərkəzi tərəfindən buraxılış imtahanı keçirilir. Buraxılış imtahanının məzmunu, yəni təhsilalanlara təqdim edilən tapşırıqların növü və qiymətləndirilmə qaydası Mərkəz və Təhsil Nazirliyi tərəfindən birgə müəyyən edilir və hər il tədris ilinin başlanılmasından 1 ay müddət keçənədək elan edilir.

Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı tədris Azərbaycan, rus və gürcü dillərində aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər üçün - tədris dili, xarici dil və riyaziyyat, tədris ingilis, fransız və digər dillərdə aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər üçün - xarici dil və riyaziyyat fənlərindən olmaqla, Mərkəz tərəfindən mərkəzləşdirilmiş qaydada iki mərhələdə keçirilir.

Birinci mərhələdə şagirdlərə tədris dili fənnindən 20, xarici dil fənnindən 15 və riyaziyyat fənnindən 10 olmaqla, ümumilikdə 45 tapşırıq təqdim edilir. Bu mərhələdə şagirdlərin toplaya biləcəyi maksimal bal hər fənn üzrə 30 bal olmaqla, cəmi 90 baldır.

İmtahanın davametmə müddəti 3 saatdır. Buraxılış imtahanını yalnız xarici dil və riyaziyyat fənlərindən verən şagirdlər üçün imtahanın davametmə müddəti 2 saatdır.

İkinci mərhələdə şagirdlərə tədris dili fənnindən 30, xarici dil fənnindən 30 və riyaziyyat fənnindən 30 olmaqla, ümumilikdə 90 tapşırıq təqdim edilir. Bu mərhələdə şagirdlərin toplaya biləcəyi maksimal bal hər fənn üzrə 70 bal olmaqla, cəmi 210 baldır.

İmtahanın davametmə müddəti 3 saatdır. Buraxılış imtahanını yalnız xarici dil və riyaziyyat fənlərindən verən şagirdlər üçün imtahanın davametmə müddəti 2 saatdır.

Tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı tədris Azərbaycan, rus və gürcü dillərində aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər üçün - tədris dili, xarici dil və riyaziyyat, tədris ingilis, fransız
və digər dillərdə aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər üçün - xarici dil və riyaziyyat fənlərindən olmaqla, Mərkəz tərəfindən mərkəzləşdirilmiş qaydada keçirilir.

Buraxılış imtahanında şagirdlərə tədris dili fənnindən 30, xarici dil fənnindən 30 və riyaziyyat fənnindən 25 olmaqla, ümumilikdə 85 tapşırıq təqdim edilir. Buraxılış imtahanında şagirdlərin toplaya biləcəyi maksimal bal hər fənn üzrə 100 bal olmaqla, cəmi 300 baldır. İmtahanın davametmə müddəti 3 saatdır. Buraxılış imtahanını yalnız xarici dil və riyaziyyat fənlərindən verən şagirdlər üçün imtahanın davametmə müddəti 2 saatdır.

Azərbaycan dili istisna olmaqla, tədris digər dillərdə aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər ümumi orta və tam orta təhsil səviyyələri üzrə buraxılış imtahanı çərçivəsində Azərbaycan dili (dövlət dili kimi) fənnindən ayrıca imtahan verirlər. İmtahanda şagirdlərə Azərbaycan dili (dövlət dili kimi) fənnindən 30 tapşırıq təqdim edilir. Şagirdlərin toplaya biləcəyi maksimal bal 100 baldır. İmtahanın davametmə müddəti 45 dəqiqədir.

Buraxılış imtahanlarında əlilliyi olan şəxslərin iştirakının təmin edilməsi üçün Mərkəz tərəfindən əlverişli şərait yaradılır. I qrup gözdən əlilliyi olan şəxslərə fərdi nəzarətçi təyin edilir və onlar üçün imtahanın davametmə müddəti 1 saat artırılır.

Buraxılış imtahanında iştirak etməyən ümumi orta və tam orta təhsil səviyyələrinin buraxılış sinif şagirdlərinin yekun qiymətləndirilməsi (attestasiyası) məsələsinə təhsil müəssisələrinin təqdimatı əsasında
fərdi qaydada və ya şəxslərin fərdi müraciəti əsasında Mərkəz tərəfindən baxılır. Həmin şagirdlər Mərkəz tərəfindən müəyyən edilən vaxtda imtahan verirlər. Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının hər hansı bir mərhələsində iştirak etməyən şagirdin yekun qiymətləndirilməsi (attestasiyası) aparılmır.

Yeni qaydalara əsasən, Maliyyə Nazirliyi tərəfindən ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılmasının dövlət büdcəsindən maliyyələşdirilməsi həyata keçirilərkən, Azərbaycan Respublikası Tarif (qiymət) Şurası tərəfindən orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu ilə bağlı test imtahanında iştirak üçün müəyyən edilmiş tarif əsas götürülür.

trend.az