Mədəniyyət və Turizm Nazirliyinin növbəti layihəsi uğurla başa çatmışdır
22.6.2011

İyunun 22-də M.F.Axundzadə adına Milli Kitabxanada Mədəniyyət və Turizm Nazirliyinin layihəsi ilə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın mədəniyyət sahəsində çoxşaxəli və yorulmaz fəaliyyətini əks etdirən “Mədəniyyətimizin və mədəni incilərimizin hamisi” kitabının ingilis və ərəb dillərinə tərcümə olunmuş variantlarının təqdimat mərasimi keçiriləcəkdir.
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən bildirilmişdir ki, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın mədəniyyət və incəsənət sahəsindəki fəaliyyəti Mədəniyyət və Turizm Nazirliyinin növbəti layihəsi əsasında ingilis dilində hazırlanan “The Azerbaijani culture-a message to future generations” (“Azərbaycanın mədəniyyəti gələcək nəsillərə ərməğandır”) kitabında geniş əksini tapmışdır.
Səkkiz fəsildən ibarət kitabda Mehriban xanım Əliyevanın 1995-2010-cu illərdə mədəniyyət sahəsində çoxşaxəli fəaliyyəti geniş əks olunmuşdur.
Həmçinin, “Mədəniyyətimizin və mədəni incilərimizin hamisi” kitabı bu yaxınlarda Mədəniyyət və Turizm Nazirliyinin maliyyə, habelə Azərbaycanın Suriyadakı səfirliyinin təşkilatı dəstəyi ilə Suriya Ərəb Respublikasında ərəb dilində nəşr olunmuşdur.
Kitabın ərəb dili variantında İslam Konfransı Təşkilatına üzv dövlətlərlə mədəniyyət sahəsində əməkdaşlıq sahəsində Mehriban xanım Əliyevanın yorulmaz fəaliyyəti, ərəb dövlətləri ilə ikitərəfli görüşlərdə iştirakı öz əksini tapmışdır. Hər iki kitabda “Ön söz”ün müəllifi mədəniyyət və turizm naziri Əbülfəs Qarayevdir.
Kitablarda çoxlu sayda maraqlı, habelə ilk dəfə oxuculara təqdim olunan məlumatlar və fotoşəkillər verilmişdir.