“Bakı Metropoliteni” QSC 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə qurumun 50 illik yubiley tədbirlərində olduğu kimi, retro vaqonları xəttə buraxılacaq.
Bunu qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.
Onun sözlərinə görə, yeni il rəmzləri ilə bəzədilmiş “A” və “Q” tipli 2 retro vaqonların qoşulduğu iki qatar dekabr ayının 29-dan 2019-cu il yanvar ayının 2-dək günün müəyyən saatlarında xüsusi qrafiklə xəttə buraxılacaq: “Sərnişinlərimizin orta və yaşlı nəslinin nümayəndələri hər dəfə bu vaqonları xətdə görəndə nostalji hisslər keçirirlər. Zövqlə bəzədilərək bayram ovqatına köklənmiş retro vaqonlara uşaqlar da biganə qalmayırlar. Yeni il bayramının əsas qəhrəmanları Şaxta baba və Qar qız yenə də kiçik yaşlı sərnişinlərin görüşünə gələcək. Üç gün - dekabr ayının 29-dan 31-nə qədər metronun retro vaqonların qoşulduğu qatarlarında Yeni ilin əsas personajları azyaşlı sərnişinlərə hədiyyələr paylayacaqlar. Yola salmağa hazırlaşdığımız 2018-ci ilin son günlərində metronun stansiyalarında bayram əhval-ruhiyyəsi hiss olunur. “İçərişəhər”, “28 May”, “Nizami”, “Elmlər Akademiyası”, “Koroğlu”, “Avtovağzal”, “Bakmil” və “Memar Əcəmi” (Bənövşəyi xətt) stansiyalarının vestibüllərində bəzədilmiş şam ağacları quraşdırılıb. Bununla yanaşı, stansiyaların monitorlarında hər iki bayramla bağlı təbriklər yerləşdirilib”.
“Son illərdə formalaşmış ənənəyə uyğun olaraq, bu il də metropolitenin şəhərin mərkəzində yerləşən və sərnişin axınının sıx olduğu stansiyalarında konsert proqramı təşkil ediləcək. Dekabrın 30-dan yanvarın 2-dək milli muğam üçlüyü və instrumental kvartetin ifa etdiyi canlı musiqi “İçərişəhər”, “Sahil”, “28 May”, ”Elmlər Akademiyası” stansiyalarının sərnişinlərində əsl bayram ovqatı yaradacaq. Bayram günlərində “Bakı Metropoliteni” QSC gücləndirilmiş iş rejimində çalışacaq. Şəhərin mərkəzində yerləşən və kütləvi bayram tədbirlərinin keçiriləcəyi stansiyalara əlavə işçi qüvvəsi cəlb olunacaq. Zərurətdən asılı olaraq, xəttə verilmək üçün ehtiyat qatarlar da nəzərdə tutulacaq. Bundan savayı, dekabrın 31-dən yeni il yanvarın 1-nə keçən gecə paytaxtda keçiriləcək kütləvi bayram tədbirləri və atəşfəşanlıqla əlaqədar olaraq, gecə saat 02:00-a kimi Bakı metropoliteninə giriş açıq olacaq,” - o əlavə edib.
report.az