2018-ci il Azərbaycan tarixinə növbəti bir uğurlu il kimi daxil oldu, həm iqtisadi, həm də siyasi sahədə böyük nailiyyətlər əldə edildi. Bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzov deyib.
S.Novruzov vurğulayıb ki, ümumiyyətlə, Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi 2003-cü ildən bu vaxtadək olan müddət Azərbaycan tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi daxil olub:
“Bu baxımdan geridə qoyduğumuz 2018-ci il də istisna olmayıb. Xüsusi vurğulamaq istərdim ki, Azərbaycanda demokratikləşmə və modernləşmə sahəsində keyfiyyətcə yeni mərhələnin əsasını qoymuş 2018-ci il 11 aprel seçkiləri ölkəmizin innovativ əsasda inkişafına ciddi zəmin yaradıb, islahatların elmi əsaslarla aparılacağı qənaətini daha da gücləndirib. Son seçkilərdən dərhal sonra dövlət başçısının siyasi iradəsi ilə hökumətin tərkibinin əsaslı şəkildə yenilənməsi, çevikliyi, müasirliyi, novatorluğu ilə fərqlənən, müasir innovasiyaları mənimsəyən gənclərin dövlət idarəetməsində irəli çəkilməsi islahatların səmərəliliyini təmin etmək, şəffaflığı artırmaq məqsədindən irəli gəlir”.
Millət vəkili bildirib ki, ötən ildə həyata keçirilən sosial-iqtisadi islahatların, infrastruktur layihələrinin səmərəli nəticələr verməsi, hər bir fərdin maraq və mənafeyini özündə maksimum dərəcədə əks etdirməsi, dövlətin perspektiv inkişafına hesablanması dövlət başçısı cənab İlham Əliyevin yüksək bilik və intellektə, çevik idarəçilik məharətinə, yüksək əzmə, qətiyyətə malik lider olduğunu bir daha təsdiqləyir.
Deputat qeyd edib ki, Azərbaycanın qarşısında duran ən mürəkkəb problem heç şübhəsiz, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir: “Lakin ötən il Azərbaycanın Ermənistana qarşı uğurla tətbiq etdiyi “iqtisadi izolyasiya” siyasəti nəticəsində bu ölkədə ciddi sosial-siyasi kataklizmlər baş verib, hakimiyyət dəyişikliyi olub. Paralel olaraq Azərbaycan Silahlı Qüvvələrinin döyüş potensialı daha da artıb, ordumuz dünyanın ən güclü orduları sırasında ön cərgələrə çıxıb”.
S.Novruzov əlavə edib ki, başa vurduğumuz ilin əlamətdar hadisələrindən biri də daim milli-mənəvi dəyərlərimizə verilən yüksək qiymət çərçivəsində Azərbaycan Xalq Cumhuriyyətinin 100 illik yubileyinin dövlət səviyyəsində, ölkə miqyasında və diplomatik nümayəndəliklərimizin yer aldığı xarici ölkələrdə geniş və təntənəli şəkildə qeyd edilməsi oldu.
trend.az