Mədəniyyət Nazirliyinin sistemində yeni təyinat olub.
Qurumdan verilən məlumata görə, Nazirlər Kabinetinin 16.11.2018-ci il tarixli, 487 nömrəli qərarı ilə Azərbaycan Mədəniyyət Nazirliyinin tabeliyində olan Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəz və Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzi ləğv edilərək, onların əsasında Mədəniyyət Nazirliyinin tabeliyində Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi yaradılıb. Yeni təsis olunan müəssisəyə siyasi elmlər üzrə fəlsəfə doktoru Asif Usubəliyev direktor təyin olunub.
A.Usubəliyev 1978-ci ildə Qazaxıstanın Çimkənd şəhərində anadan olub. 2000-ci ildə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunun Politologiya ixtisası üzrə məzunu olub. 2000-2002-ci illərdə Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi idarəetmə fakültəsinin Milli təhlükəsizlik və siyasi strategiya ixtisası üzrə magistr təhsili alıb. O, 2002-ci ildə AMEA-nın Fəlsəfə və Siyasi Hüquqi Tədqiqatlar İnstitutunun doktorantı olub və 2005-ci ildə müdafiə edərək siyasi elmlər üzrə fəlsəfə doktoru elmi dərəcəsini qazanıb.
Əmək fəaliyyətinə 2005-ci ildə Fəlsəfə və Siyasi Hüquqi Tədqiqatlar İnstitutunun Aksiologiya şöbəsində başlayıb, daha sonra 2006-ci ildən 2015-ci ilədək Mədəniyyət Nazirliyində məsləhətçi, aparıcı məsləhətçi vəzifələrində çalışıb və Elm sektorunun müdiri vəzifəsinə qədər yüksəlib. Nazirliyin müvafiq əmri ilə 2015-ci ildə Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzə direktor təyin olunub və 2018-ci ilin sonunadək bu vəzifəni icra edib. Bununla yanaşı, o, müxtəlif vaxtlarda Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Dillər Universiteti və Qərb Universitetində baş müəllim vəzifəsində çalışıb.
Azərbaycan Milli Ordusunun ehtiyatda olan leytenant rütbəli zabitidir.
A.Usubəliyev bu günədək 500-dən çox elmi-analitik və publisistik məqalənin müəllifidir. Bir çox yerli və beynəlxalq tədbirlərdə məruzəçi, təşkilat komitəsi və moderator kimi iştirak edib.
AMEA-nın Fəlsəfə İnstitutunun nəzdində fəaliyyət göstərən Siyasi Elmlər üzrə Müdafiə Şurasının üzvüdür. Eyni zamanda, Mədəniyyət üzrə Elmi-Metodiki Mərkəzlərin Rəhbərləri Beynəlxalq Şurasının sədri, habelə bir çox elmi tədqiqat xarakterli yerli və beynəlxalq işçi qruplarının rəhbəri və üzvüdür.
Mərkəzə 3 il ərzində rəhbərlik etdiyi müddətdə 64 regionun 56-da 700-dək yerli və beynəlxalq, o cümlədən təlim, seminar, festival, müsabiqə, debat, ustad dərsi, konfrans, forum və digər tədbirlər keçirilib. Bu dövrdə 11-i yerli, 8-i beynəlxalq olmaqla ümumilikdə 19 mədəniyyət, elm və təhsil müəssisəsi ilə əməkdaşlıq memorandumu imzalanıb, birgə müxtəlif səpkili fəaliyyət istiqaməti müəyyən edilərək icra olunub. Son 3 ildə Mərkəzdə mədəniyyət sahəsinin bütün istiqamətləri üzrə 78 metodiki vəsait hazırlanaraq mədəniyyət müəssisələrinə təqdim edilib.
trend.az