2019-cu ildə Azərbaycanı mötəbər turnirlər gözləyir. Tokio 2020-yə təxminən ilyarım vaxt qaldığından növbəti turnirlərin əksəriyyətinin əhəmiyyəti Olimpiadaya lisenziya qazanmaq baxımından vacib olacaq.
Bu məqsədlə Azərbaycanı 2019-cu ildə gözləyən mötəbər turnirlərin siyahısı hazırlanıb.
1. Karate üzrə Avropa çempionatı (28-31 mart/Qvadalaxara, İspaniya) – Azərbaycanın medal qazana biləcəyi ilk mötəbər turnirdir. İyunda Minskdə keçiriləcək Avropa Oyunlarına lisenziya reytinq cədvəli üçün xallar verəcək. Dünya çempionlarımız Rafael Ağayev və İrina Zaretskaya bu turnirin favoritlərindən sayılır.
2. Güləş üzrə Avropa çempionatı (8-14 aprel/Buxarest, Rumıniya) – Bu yarış Avropa Oyunlarına lisenziya xarakteri daşıyacaq. Azərbaycan yenə bu turnirdə həm yunan-Roma, həm qadın, həm də sərbəst güləşdə Avropa çempionları bəxş edə bilər.
3. Cüdo üzrə Böyük Dəbilqə turniri/Paracüdo üzrə Qran Pri (10-12 may (13-14 may)/Bakı, Azərbaycan) – Bakıda keçiriləcək ilin ilk Olimpiya xarakterli turniridir. Böyük Dəbilqə Olimpiadaya, Qran-Pri isə Paralimpiya Oyunlarına lisenziya xalı qazandıracaq.
4. Taekvondo üzrə dünya çempionatı (15-19 may/Mançester, Böyük Britaniya) – İki ildən bir keçirilən dünya çempionatı Tokio Olimpiadasına lisenziya xalı qazandıracaq.
5. Bədii gimnastika üzrə Avropa çempionatı (16-19 may/Bakı, Azərbaycan) – Bu il Bakıda – Milli Gimnastika Arenasında keçiriləcək ilk mötəbər yarışdır. Bu yarışdan əvvəl isə 16-17 fevralda batut gimnastikası üzrə, 14-17 martda idman gimnastikası üzrə, 26-28 apreldə bədii gimnastika üzrə Dünya Kuboku keçiriləcək və bu yarışlar Olimpiadaya lisenziya xarakteri daşıyacaq.
6. Aerobika gimnastikası üzrə Avropa çempionatı (24-26 may/Bakı, Azərbaycan) – Aerobika gimnastikası üzrə Avropa çempionatı da Bakıda baş tutacaq növbəti mötəbər yarış sayılır.
7. UEFA Avropa Liqasının finalı (29 may/Bakı, Azərbaycan) – Təəssüf ki, ardıcıl Bakıda keçiriləcək növbəti yarışda Azərbaycan təmsilçisi “Qarabağ” olmayacaq. Komandamız qrupda qalmaqla bunu artıq dəqiqləşdirib.
8. Avropa Oyunları (21-30 iyun/Minsk, Belarus) – Avropa qitəsi üçün digər idman növlərində ən mötəbər turnirdir. İlki Bakıda keçirilmiş II Avropa Oyunları bu dəfə qısa müddətə Belarusun paytaxtında baş tutacaq. Yarış 15 idman növü (kamandan oxatma, atletika, badminton, basketbol (3x3), çimərlik futbolu, boks, kanoe, velosiped idmanı, gimnastika, cüdo, karate, sambo, atıcılıq, stolüstü tennis, güləş) üzrə keçiriləcək. Avropa Oyunları həm də boks, badminton, cüdo, kanoe, kamandan oxatma və atıcılıqda Avropa çempionatını əvəzləyəcək.
9. Yay Universiadası (3-14 iyul/Neapol, İtaliya) – İki ildən bir keçirilən tələbə idmançıların yarışında bu dəfə idman növlərinin sayı azaldılıb. 2017-ci ildə Tayvanda keçirilən Universiadada 22 idman növü vardısa, bu dəfə atletlər özlərini 18 idman növündə sınayacaq.
10. Avropa Gənclər Olimpiya Festivalı (20-28 iyul/Bakı, Azərbaycan) – 1991-ci ildən 14-18 yaşlı idmançılar arasında keçirilən yarış 15-ci dəfə baş tutacaq. İlk dəfə Bakıda keçiriləcək bu yarışda on idman növü (bədii gimnastika, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol, güləş) təmsil olunacaq.
11. Qadın voleybolu üzrə Avropa çempionatı (23 avqust-8 sentyabr/Macarıstan, Polşa, Slovakiya, Türkiyə) – müntəzəm olaraq Avropa çempionatında iştirak edən yığmamızın bu dəfə də bu dörd ölkənin keçirəcəyi qitə birinciliyində iştirak edəcəyi gözlənilir.
12. Cüdo üzrə dünya çempionatı (25 avqust-1 sentyabr/Tokio, Yaponiya) – Ötən il Bakıda keçirilmiş dünya çempionatı bu dəfə cüdonun vətənində baş tutacaq. Dünya çempionatı Olimpiadaya lisenziya xarakteri daşıyacaq.
13. Boks üzrə dünya çempionatı (7-21 sentyabr/Soçi, Rusiya) – Boksun Olimpiadadan kənar qalması mövzusu hələ ki gündəmdə olduğundan bu turnirin Olimpiadaya lisenziya xalı qazandırması baxımından vacibliyi bilinmir. Amma böyük ehtimalla, bu turnir də dörd ildən bir keçirilən yarışa lisenziya verəcək.
14. Güləş üzrə dünya çempionatı (14-22 sentyabr/Astana, Qazaxıstan) – Azərbaycan güləşi üzrə əhəmiyyətli turnirdir. 2019-cu ildə Olimpiadaya lisenziya verən yeganə yarışdır.
15. Bədii gimnastika üzrə dünya çempionatı (16-22 sentyabr/Bakı, Azərbaycan) – Bakıda keçiriləcək sonuncu mötəbər yarışdır. Olimpiadaya lisenziya xarakterlidir.
16. Taekvondo üzrə Qran Prinin finalı/Taekvondo üzrə milli komandalararası dünya çempionatı (6-7 dekabr (8-9 dekabr)/Moskva, Rusiya) – Bu il İtaliyanın Roma, Yaponiyanın Çiba, Bolqarıstanın Sofiya şəhərlərində keçirilən Qran Prilərdə ən yüksək nəticələr göstərmiş taekvondoçular Rusiyanın paytaxtına toplaşacaq. Bu yarışda Olimpiya çempionumuz Radik İsayev və Milad Beiqi Hərçəqaninin mübarizə aparacağını artıq indidən proqnozlaşdırmaq olar.
Bundan sonra isə Dünya Kuboku da adlanan komandalararası dünya çempionatı baş tutacaq. İki dəfə bu dünya çempionatının qalibi olmuş, ötənilki yarışda bürünc medal qazanmış kişi millimizdən bu dəfə də uğurlu nəticə gözlənilir.
oxu.az