Bakıda “Gender bərabərliyi və media azadlığı” mövzusunda təlimlər təşkil olunacaq
10.1.2019

Avropa Şurasının “Azərbaycanda Gender bərabərliyi və media azadlığı” layihəsi çərçivəsində yanvarın 23-25-də “Hilton Baku” otelində Avropa Şurasının və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə jurnalistlər üçün “Gender bərabərliyi və media azadlığı” mövzusunda təlimlər təşkil olunacaq.

Dövlət Komitəsindən bildiriblər ki, təlimlər beynəlxalq və yerli ekspertlər tərəfindən aparılacaq. Yanvarın 25-də təşkil olunacaq təlim jurnalistika fakültələrinin magistr və doktorantura, eləcə də sonuncu kurs tələbələri üçün nəzərdə tutulub.

Təlimlər “Gender bərabərliyi və media azadlığı sahəsində Avropa Şurasının standartları”, “Gender bərabərliyi və media azadlığı: Azərbaycan qanunvericiliyi və təcrübəsi”, “Cinsiyyətçi nifrət nitqi ilə mübarizə”, “Gender məsələlərinin mediada işıqlandırılması”, “Azərbaycan mediasında gender bərabərliyi: perspektivlər və çağırışlar” adlı 5 sessiya çərçivəsində 09:30-dan 18:00-a qədər keçiriləcək.

İştirak üçün müraciət etmək istəyən media nümayəndələri, eləcə də jurnalistika fakültələrinin tələbələrindən 2019–cu il 19 yanvar tarixinə qədər özləri haqqında və təlimdən gözləntilərinə dair qısaca yazıb komiteinfo@gmail.com və fieldbaku@coe.int elektron ünvanlarına göndərmələri xahiş olunur.

Əlavə məlumat üçün Komitənin İnformasiya və analitik araşdırmalar şöbəsi ilə (012) 498 80 93 və ya Avropa Şurasının Bakıdakı Ofisi ilə (012) 599 11 62 əlaqə saxlaya bilərsiniz.

azertag.az