İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) və Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) arasında qarşılıqlı əməkdaşlığa dair Anlaşma Memorandumunun imzalanması mərasimi keçirilib.
Memorandumu Agentliyin İdarə Heyətinin sədri Zaur Əliyev və UNICEF-in Azərbaycandakı nümayəndəsi Edvard Karvardin imzalayıblar.
Agentliyin İdarə Heyətinin sədri bildirib ki, memorandum iki qurum arasında əməkdaşlığın çərçivəsini müəyyən edir. O qeyd edib ki, memorandum Azərbaycanda ana və uşaqların sağlamlığının qorunması istiqamətində həyata keçirilən tədbirlərin əhatə dairəsinin genişləndirilməsinə öz töhfəsini verəcək.
UNICEF-in Azərbaycandakı nümayəndəsi bu əməkdaşlığın ölkədə aparılan səhiyyə islahatlarına və icbari tibbi sığorta sisteminin tətbiqinə dəstək göstərəcəyini vurğulayıb.
Tərəflər arasında imzalanan memorandum çərçivəsində “Körpə Dostu” Xəstəxana Standartlarının doğum evlərinin (şöbələrinin) standartlarına daxil edilməsi, ilkin səhiyyə xidməti işçilərinin sağlamlıq və qidalanma xidmətlərinə dair bilik və bacarıqlarının artırılması istiqamətində Uşaq İnkişafının İzlənilməsi Təlimatı (UİİT), Körpə və erkən yaşlı uşaqların qidalanması (KEYUQ) üzrə təlimlərin təşkili ilə bağlı əməkdaşlıq planlaşdırılır.
trend.az