Kimlər elektron qaimə verməyəcək? - SİYAHI
29.1.2019

Elektron qaimə-fakturaların tətbiqi zamanı vergi inzibatçılığının yüngülləşdirilməsi baxımından bəzi kateqoriya şəxslər elektron qaimə-faktura verməli olan şəxslərin siyahısından çıxarılıb.

Vergi ödəyicisinin fəaliyyət xüsusiyyətlərini, əməliyyatların həcmini və dövriyyənin nağdsız formalaşmasını nəzərə alaraq, 2019-cu il yanvarın 1-dən bank əməliyyatlarını həyata keçirən şəxslər tərəfindən müştərilərin hesabları üzrə xidmətlərin göstərilməsinə, dövlət hakimiyyəti, yerli özünüidarəetmə orqanları və büdcə təşkilatları tərəfindən işlərin və xidmətlərin təqdim edilməsinə və notariuslar tərəfindən (notariat hərəkətlərinin aparılmasına və notariat hərəkətləri ilə əlaqədar) xidmətlərin göstərilməsinə görə alıcılara elektron qaimə-faktura təqdim etmək öhdəliyi aradan qalxır.

İqtisadçı ekspert Rəşad Əliyev bildirib ki, elektron qaimə-fakturaların tətbiqi vergi inzibatçılığının sadələşdirilməsinə, vergi nəzarətinin daha səmərəli və əhatəli təşkilinə, vergidən yayınma hallarının azaldılmasına, vergi ödəyiciləri üçün kağız sənədləşmə dövriyyəsinin məhdudlaşdırılmasına xidmət edir:

“Gözlənildiyi kimi, bunun müsbət nəticələri göz qabağındadır. Bu ildən qüvvəyə minmiş dəyişikliklərə əsasən, elektron qaimə-fakturaların tətbiq dairəsində müəyyən dəqiqləşdirmələr aparılıb. Bir sıra şəxslər tərəfindən elektron qaimə-fakturaların təqdim edilməsi öhdəliyi aradan qaldırılıb.

Bundan sonra bank əməliyyatlarını həyata keçirən şəxslər tərəfindən müştərilərin hesabları üzrə xidmətlərin göstərilməsi, dövlət hakimiyyəti, yerli özünüidarəetmə orqanları və büdcə təşkilatları tərəfindən işlərin və xidmətlərin təqdim edilməsi, notariuslar tərəfindən (notariat hərəkətlərinin aparılmasına və notariat hərəkətləri ilə əlaqədar) xidmətlərin göstərilməsini həyata keçirən şəxslər elektron qaimə-fakturalar təqdim etməyəcəklər. Bu dəyişikliyin vergiqoyma sahəsinə heç bir mənfi təsiri yoxdur”.

Qeyd edək ki, Məcəllənin 109.8-ci maddəsinə əsasən, xüsusi istisna təşkil edən həmin şəxslər tərəfindən təqdim olunan qəbzlər və digər ciddi hesabat blankları həmin iş və xidmətlərin alınması xərcləri ilə bağlı sənəd kimi tanınacaq. Digər tərəfdən, nəzərə almaq lazımdır ki, yeni dəyişiklik həmin xidmətləri təqdim edən şəxslər üçün ancaq öhdəliyi aradan qaldırır və bu, o demək deyil ki, onlar elektron qaimə-fakturanı təqdim edə bilməzlər.

www.oxu.az