Azərbaycanlı modelyer “Louis Vuitton” müsabiqəsinin ekspert şurasına daxil edilib
29.1.2019

Gənc dizaynerlərin “LVMH” (“Louis Vuitton Moet Henessy Prize”) müsabiqəsinin ekspert şurasının yenilənmiş heyəti elan olunub. “Aizel” moda platformasının banisi və rəhbəri Aysel Trudel (Hüseynova) da şuranın tərkibinə daxil edilib.

Ekspert şurasının tərkibinə həmvətənimizlə bərabər supermodel Naomi Kempbell və İtaliyanın fashion-bloqinq ulduzu Kyara Ferranyi, Britaniyada çıxan “Vogue” nəşrinin baş redaktoru Edvard Enninful, dizaynerlər və moda sənayesinin digər peşəkarları da daxildir.

16 yeni ekspertdən biri olmağı özü üçün böyük şərəf sayan A.Trudel İnstagram sosial şəbəkəsində yazıb: “17 ildir ki, mən və komandam Rusiyadan və dünyanın müxtəlif guşələrindən olan gənc istedadları dəstəkləyirik. Gənc dizaynerlərin 6-cı beynəlxalq “LVMH Prize 2019” müsabiqəsinin ekspert şurasına daxil edilmək mənim üçün böyük şərəfdir. Mənə göstərilən bu etimada görə “LVMH Prize” komandasına, “LVMH Group”a və şəxsən Delfin Arnoya təşəkkürümü bildirmək istəyirəm”.

“LVMH Prize” müsabiqəsınin final mərhələsi iyun ayında Parisdə, “Fondation Louis Vuitton”da keçiriləcək. “Louis Vuitton”un vitse-prezidenti və mükafatın təsisçisi Delfin Arnonun rəhbərlik etdiyi münsiflər heyəti laureatı elan edəcək və dizayn məktəblərinin 3 gənc məzununun xüsusi qeyd edəcək. “LVMH Prize” müsabiqəsınin qalibi 300.000 avro məbləğində qrant alacaq və “LVMH” evlərinin birində bir illik təcrübə keçəcək, dizayn məktəblərinin 3 məzununun hərəsinə 10.000 avro məbləğində qrant ayrılacaq və onlar “LVMH” brendində təcrübə keçməyə dəvət olunacaqlar.

azertag.az