YARAT Müasir İncəsənət Məkanı ARTIM ROOMS layihəsi çərçivəsində "Perpendikulyar həqiqətlər" adlı sərgini təqdim edir.
ARTIM ROOMS layihəsinin üçüncü sərgisi rəssamlar Samir Ələkbərli, Vüsal Əhmədov, Aytən Qəribli və Şeyda Allahverdiyeva dueti, Murad Əkbərli, Günel Axundlu və dramaturq İsmayıl İmanın (teatr rejissoru Tərlan Rəsulovla birgə) müstəqil layihələrini təqdim edir. Layihənin növbəti buraxılışında rəssamlar kvant fizikası qanunlarının təsiri, insanın daxili gücü və çətinlikləri haqda fərziyyələr, adət-ənənələrin interpretasiyası və region həyatının refleksiyası haqqında mövzulara fərqli baxış təklif edirlər.
Samir Ələkbərlinin "Kufikubizm" instalyasiyası Şirvanşahlar saray kompleksinin divanxanasının giriş divarında kufi xətti ilə "Allahu əkbər" əks olunmuş medalyona istinad edir. Dəqiq həndəsi hesablamalar əsasında yaradılan bu ornament, Rubik kubu vasitəsilə üçölçülü şəkildə təqdim olunur.
Rəssam Murad Əkbərlinin ekspressionistik tabloları, onun yaradıcılığında bir müddət əvvəl başlayan "yaşıl" mərhələsinin bir parçasıdır. Rəngkarlıq vasitəsilə ətrafında baş verən hadisələri əks etdirən rəssamın hər tablosu ayrı-ayrılıqda bir hekayədir. Onun "Leyli və Məcnun" instalyasiyası Nizami Gəncəvinin eyniadlı poemasına olan müasir alleqoriyadır.
Vüsal Əhmədovun məcazi mənalı "Atalar üçdən deyib" instalyasiyası tamaşaçı qarşısında fəlsəfi suallar qoyaraq, indiki zamanın gələcəyin ən ideal formasına vizual keçidini nümayiş etdirməyə çalışır. Rəssamın mövzuya olan subyektiv yanaşması onun materiallar seçiminə də təsirini göstərib.
Aytən Qəribli və Şeyda Allahverdiyevanın birgə yaratdıqları "İncə xətt" interaktiv instalyasiya kvant fizikası qanunlarına əsaslanaraq gələcəyin keçmişə necə təsir etməsini vurğulayır. İnstalyasiyanın yekun nəticəsini sərgiyə gələn tamaşaçıların hərəkətləri formalaşdıracaq.
İsmayıl İmanın "Əlaltı vasitələrlə səni necə xoşbəxt etməli" performansı baş qəhrəmanın bir neçə monoloqu üzərində qurulub. Tamaşanın əsas mahiyyəti müasir insanın "təcridolma" üsullarını araşdırır. Həmçinin performans zamanı qəhrəmanlar tamaşaçılarla birgə art obyekt yaradacaqlar. Quruluşun rejissoru Tərlan Rəsulovdur.
Günel Axundlunun "Mənbə" video instalyasiyası insan şüurunun gücünü dörd ünsür vasitəsilə açıqlamağa çalışır. Məkana uyğunlaşan instalyasiyasında rəssam ünsürlərdən antropomorfik element yaratmağa çalışır.
Sərgi fevralın 24-ə qədər davam edəcək. Giriş sərbəstdir
ARTIM Layihə Məkanı (İçərişəhər, Böyük Qala küç., 30, 001A)
Sərginin iş rejimi: Çərşənbə axşamı – bazar, 12:00-20:00
Ətraflı məlumat: www.yarat.az; (012) 505 1414
ARTIM ROOMS layihəsi gənc rəssam, kurator və digər yaradıcı peşə sahiblərinə müstəqil "otaqlar layihəsini" təklif edir. Hər kəs sahib olduğu bir və daha çox ideyalarını ARTIM Layihə Məkanının otaqları üçün təklif edə bilər. Layihənin məqsədi müzakirələr və eksperimentlər üçün nəzərdə tutulan yaşayan, dinamik və müstəqil platforma yaratmaqdır.
trend.az