Prezident İlham Əliyev zəlzələnin fəsadlarının aradan qaldırılması ilə bağlı tapşırıq verib.
Bunu Şamaxıda jurnalistlərə açıqlamasında fövqəladə hallar naziri Kəmaləddin Heydərov deyib.
K.Heydərov bildirib ki, dövlət başçısının tapşırığına uyğun olaraq, rayon Fövqəladə Hallar Komissiyası ilə birlikdə Şamaxı, İsmayıllı və Ağsu rayonlarında müvafiq işlər görüləcək:
"Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın göstərişinə əsasən, Heydər Əliyev Fondunun könüllüləri də bu işdə yaxından iştirak edəcəklər".
Nazir vurğulayıb ki, qəzalı vəziyyətdə olan evlərin sakinləri lazımi yerlərdə müvəqqəti yerləşdiriləcək: "Təmir-bərpa işləri üçün dövlət tərəfindən yardım ayrılacaq".
Xatırladaq ki, dünəndən indiyədək 5 zəlzələ qeydə alınlıb. İlkin zəlzələ yerli vaxtla 23:19-da Pirqulu stansiyasından 7 km cənubda Ağsu ərazisində 4,4 bal gücündə qeydə alınıb. Yeraltı təkanların ocağı 10 km dərinlikdə yerləşib. Həmin zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda 4,3 bala qədər hiss olunub. Sonuncu zəlzələ isə saat 04:25-də Pirqulu stansiyasından 9 km cənub-qərbdə İsmayıllı ərazisində qeydə alınıb. Həmin təkanların 3-ü hiss olunub, sonuncu iki zəlzələ isə hiss edilməyib.
trend.az