Bu ilin may ayında Bakıda Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) Avropa Regional Sosial Təminat Forumu keçiriləcək.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) məlumat verilib.
Foruma hazırlıq məqsədilə nazirlikdə Təşkilat Komitəsi yaradılıb, Tədbirlər Planı təsdiq edilib.
Təşkilat Komitəsinin iclasında komitənin sədri, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli 1927-ci ildə Beynəlxalq Əmək Təşkilatının himayəsi ilə yaradılan BSTA-nın 158 dövlətin sosial təminat sahəsi üzrə 330 qurumunu özündə birləşdirdiyini qeyd edib. O, Assosiasiyanın sosial təminat sahəsində mütərəqqi təşəbbüs və standartların inkişafını və təşviqini təmin etmək, bu sahədə beynəlxalq əməkdaşlığı, fəal təcrübə mübadilələrini həyata keçirmək məqsədinə xidmət etdiyini deyib.
M.Kərimli ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun BSTA-nın tamhüquqlu üzvü olduğunu, müxtəlif illərdə Təşkilatın Avropa Şəbəkəsinin Rəhbər Komitəsinin üzvü və Təşkilatın Büro üzvü seçildiyini diqqətə çatdırıb.
Nazir müavini qeyd edib ki, BSTA-nın hər üç ildən bir keçirilən Avropa Regional Sosial Təminat Forumu Avropa ölkələrinin sosial təminat sahəsində aktual problemlərinin müzakirə edilməsinə və onların innovativ həllərlə aradan qaldırılmasına şərait yaradan unikal platformadır. Ölkəmizdə həyata keçirilən uğurlu sosial-iqtisadi islahatlara beynəlxalq səviyyədə verilən yüksək qiymətin daha bir göstəricisi olaraq, BSTA-nın növbəti Avropa Regional Sosial Təminat Forumunun cari ilin may ayında Bakı şəhərində təşkil edilməsi qərara alınıb.
Bildirilib ki, Forumun işində BSTA-nın yüksək vəzifəli rəsmilərinin, həmçinin xarici ölkələrin aidiyyəti qurumlarının rəhbərlərinin başçılığı ilə nümayəndə heyətlərinin iştirakı nəzərdə tutulur. Bu tədbirin ölkəmizdə keçirilməsi Azərbaycanın sosial müdafiə sisteminin müasir, səmərəli və şəffaf iş üsulları üzərində qurulması istiqamətində əldə etdiyi uğurları beynəlxalq ictimaiyyətə çatdırmaq və bu sahədə tərəfdaş ölkələrlə fikir mübadiləsi aparmaq baxımından da mühüm önəm kəsb edir.
İclasda Avropa Regional Sosial Təminat Forumuna hazırlıq məsələləri ətraflı müzakirə olunub, bu sahədə qarşıda duran vəzifələr, Tədbirlər Planı əsasında görüləcək işlər müəyyən edilib.
report.az