“Nə? Harada? Nə vaxt?” intellektual oyunu üzrə III Quba çempionatı tarixə düşəcəkdir
7.2.2013

Fevralın 10-da “Nə? Harada? Nə vaxt?” intellektual oyunu üzrə III Quba çempionatı keçiriləcəkdir.

AzərTAc xəbər verir ki, çempionatı “Yurd” Quba intellektual klubu Azərbaycan İntellektual Oyunlar Federasiyası ilə birgə təşkil etmişdir.

Rayon gənclərindən ibarət 12 komandanın mübarizə aparacağı çempionat Quba şəhərindəki Heydər Əliyev Mərkəzində keçiriləcəkdir.

Klubdan bildirmişlər ki, III Quba çempionatı Azərbaycanda beynəlxalq lisenziya almış və regionda təşkil olunacaq ilk intellektual oyun üzrə yarış kimi tarixə düşəcəkdir. Çünki çempionatın nəticələri “Nə? Harada? Nə vaxt?” Klublarının Beynəlxalq Assosiasiyasının reytinqində də öz əksini tapacaqdır.

Bununla bağlı təşkilatın Beynəlxalq Assosiasiyaya müraciəti müsbət qarşılanmış və bu qurumun lisenziya komissiyasından lisenziya verilməsinə dair məktub klubun ünvanına daxil olmuşdur. Bundan sonra 16 ölkənin 86 şəhərinin yer aldığı beynəlxalq reytinqdə Qubanın adı da öz əksini tapacaqdır.