Fevralın 26-da ilk dərslər Xocalı soyqırımına həsr ediləcək
19.2.2019

“Təhsil müəssisələrində Xocalı soyqırımının iyirmi yeddinci ildönümünün keçirilməsi barədə” Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əmri imzalanıb.

İdarədən verilən məlumata görə, müvafiq əmrlə təsdiqlənmiş Tədbirlər Planında ümumi təhsil müəssisələri və uşaq-gənclər inkişaf mərkəzlərində fevralın 26-sı ilk dərslər Xocalı soyqırımına həsr ediləcək.

Həmçinin “Xocalıya gedən yol” mövzusunda mühazirə, toplantı, “dəyirmi masa” və konfransların təşkili nəzərdə tutulur.

Bundan əlavə, “Xocalı faciəsi uşaq yaradıcılığında” mövzusunda bədii qiraət gecələri, məktəblilərin esse və inşa yazılarının təqdimatı, əl işlərindən ibarət sərgiləri təşkil olunacaq. “Xocalı harayı” mövzusunda ədəbi-bədii kompozisiyalar təşkil olunacaq, sənədli və bədii filmlər nümayiş ediləcək. Xocalı soyqırımından bəhs edən divar qəzetləri, bülleten, fotostendlər və guşələr hazırlanacaq.

Təhsil müəssisələrinin internet resurslarına Xocalı soyqırımını əks etdirən materiallar yerləşdiriləcək, keçirilən tədbirlər kütləvi informasiya vasitələri və televiziya kanallarında işıqlandırılacaq.

Eyni zamanda, təhsil müəssisələrinin müəllim və şagird kollektivi soyqırım şahidləri ilə görüşəcək, “Ana fəryadı” abidəsini ziyarət edəcəklər.

Qeyd olunan tədbirlərin keçirilməsi ölkəmizin müstəqilliyi uğrunda mübarizədə canlarını qurban vermiş vətən övladlarını yad etmək, böyüməkdə olan nəslə doğma Vətənə sevgi, məhəbbət hissləri aşılamaq, məktəblilər arasında milli vətənpərvərlik ruhunu yüksəltmək və Xocalı soyqırımı haqqında həqiqətləri çatdırmaq məqsədlərinə xidmət edir.

trend.az