“Azərbaycan Dəmir Yolları” QSC-də (ADY) “Avstriya Federal Dəmir Yolları” SC-nin (ÖBB) sədri Andreas Mattenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Bu barədə ADY-dən bildirilib.
Məlumata görə, görüşdə qurumun sədri Cavid Qurbanov Azərbaycanda həyata keçirilən mütərəqqi islahatlar çərçivəsində qeyri-neft sektorunun prioritet sahələrindən biri olan dəmir yolu nəqliyyatı sisteminin daha da inkişaf etdirilməsi istiqamətində görülən işlərdən danışıb. Onun sözlərinə görə, daşımaların təhlükəsizliyinin artırılması, Azərbaycandan keçən nəqliyyat dəhlizlərinin rəqabətqabiliyyətliliyinin yüksəldilməsi istiqamətində görülən işlər başlıca vəzifələrdən biridir.
C.Qurbanov daha sonra Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu, Şimal-Cənub, Cənub-Qərb nəqliyyat dəhlizləri və xüsusilə 2017-ci ilin oktyabr ayında açılış mərasimi olan Bakı-Tbilisi-Qars dəmir yolu bağlantısı barədə ətraflı məlumat verib. Sonra ikitərəfli qarşılıqlı əməkdaşlıq əlaqələri müzakirə olunub.
ÖBB-nin sədri A.Matte isə bildirib ki, son illər Azərbaycan ilə Avstriya arasında hər sahədə, o cümlədən iqtisadi sahədə əlaqələr genişlənir: "Avstriya tərəfi olaraq biz bu əlaqələrin intensivləşdirilməsində maraqlıyıq".
Görüşdə Avstriya-Azərbaycan Ticarət Palatasının (ATAZ) prezidenti Gerald Gerstbauer iştirak edib.
İkitərəfli əməkdaşlıq əlaqələrinin bundan sonra daha da genişləndirilməsi qərara alınıb.
trend.az