Teatr Muzeyində gənc şəbəkə ustası İlqar Rəsulzadənin əsərləri sərgilənəcək
19.2.2019

Fevralın 20-də Azərbaycan Gənclər Fondunun dəstəyi və Cəfər Cabbarlı adına Dövlət Teatr Muzeyinin təşkilatçılığı ilə gənc şəbəkə ustası İlqar Rəsulzadənin “Nəsillərdən-nəsillərə ötürülən sənət” adlı fərdi sərgi açılacaq.

Muzeydən bildirilib ki, sərgidə İ. Rəsulzadənin müxtəlif forma və üslublarda hazırladığı 50-dək əl işi nümayiş olunacaq.

Dördüncü nəsil gənc şəbəkə ustası, “İlin gənci “ mükafatçısı, Azərbaycan Rəssamlar İttifaqının üzvü İlqar Rəsulzadə bu irsin sirlərinə yiyələnməklə yanaşı, şəbəkə sahəsində öz dəstxətini də yaradıb. Şar, kürə formalı şəbəkə, şəbəkədən çılçıraqlar, müxtəlif tədbirlərin loqoları, şəbəkənin düz müstəvidən çıxarılması, şüşənin müxtəlif materiallarla əvəzlənməsi, 42-ci Şahmat Olimpiadası çərçivəsində kiçik kubokların, şəbəkədən şahmat fiqurlarının hazırlanması onun bu sahəyə gətirdiyi yeniliklərdəndir. Tətbiqi sənət sahəsində ilk dəfə olaraq müəllif hüquqlarının qorunması sahəsində patentin, eskizlərə şəhadətnamələrin alınması məhz onun adı ilə bağlıdır.

İ.Rəsulzadə dünyanın nəhəng sənətkarları Oskar Murillo və Reza Degati ilə iş birliyi qurmaqla, Vatikanda, Ukraynada , Gürcüstanda yerləşən katolik kilsələrdə, Vatikanın Qafqaz üzrə Nümayəndəliyində, habelə Şəkixanovların Ev Muzeyi, Gəncədə Şah Abbas Məscidi, Bərdə türbəsinin bərpasında, Yevlax və Tərtər şəhərlərində Heydər Əliyev Muzeyinin tərtibatında yaxından iştirak edib.

azertag.az