Bakıda 3-cü Alman-Azərbaycan Radioloji və Neyroradioloji Simpoziumu keçiriləcək
13.3.2019

Bakı şəhərində 3-cü Alman-Azərbaycan Radioloji və Neyroradioloji Simpoziumu keçiriləcək.

15-16 mart tarixlərində Milli Onkologiya Mərkəzinin xüsusi dəstəyi ilə keçirilir.

Tədbirdə xüsusi ilə onkoloji xəstəliklərin müasir diaqnostikasından və ən son müalicə metodlarından danışılacaq. Eyni zamanda tədbirdə Almaniya modeli əsasında müasir serebrovaskulyar mərkəzin təşkili və Almaniyadan dəvət olunan qonaqların, tibb üzrə elmlər doktoru, professor Anastasios Mpotsaris, tibb üzrə elmlər doktoru Nuran Abdullyev, tibb üzrə elmlər doktoru Volker Maus, tibb üzrə elmlər doktoru Babak Rostamzadeh və tibb üzrə elmlər doktoru Christof M. Sommer bu sahədə etdiyi ən son elmi yeniliklərdən söhbət açılacaq.

Tədbirdə iştirak edən yerli mütəxəssislər - Anar Kazımov, Fuad Novruzov və Rasim Babayev müxtəlif onkoloji xəstəliklərin diaqnostikasında və müalicəsində ən son elmi və praktiki bilikləri iştirakçılarla paylaşacaqlar.

Simpozium çərçivəsində Azərbaycanda ilk dəfə olaraq beyin damarlarının anevrizmasının müalicəsində tətbiq edilən ən müasir metodlar praktiki təlim şəklində iştirakçılara təqdim ediləcək.

Simpozium çərçivəsində qürurverici daha bir ilk Almaniyada qurulmuş və prezidenti həmyerlimiz tibb üzrə elmlər doktoru Nuran Abdullayev olan Alman-Azərbaycan Radioloji və Neyroradiolji Cəmiyyətinin üzvlərinin və qurucularının ilk toplantısının Bakıda keçirilməsidir.

Xatırladaq ki, Simpoziuma sədrliyi Azərbaycan Respublikasının Milli Onkologiya Mərkəzinin baş direktoru Akademik Cəmil Əziz oğlu Əliyev və professor Anastasios Mpotsaris edəcəklər.

Tədbir mart ayının 15-i saat 09:00-da Fəxri Xiyabanda Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin məzarının və Şəhidlər xiyabanının ziyarəti ilə başlayacaq, daha sonra isə Milli Onkologiya Mərkəzində davam edəcək.

report.az