Dövlət İmtahan Mərkəzinin (DİM) regional bölmələrində, həmçinin Azərbaycan Universiteti, Bakı Biznes Universiteti və Qərbi Kaspi Universitetində ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən abituriyentlərə kömək məqsədi ilə ödənişsiz əsaslarla fəaliyyət göstərən abituriyent məsləhət mərkəzləri yaradılıb.
DİM-dən "Report"a verilən məlumata görə, sabahdan fəaliyyətə başlayacaq abituriyent məsləhət mərkəzlərində xüsusi treninq keçmiş əməkdaşlar abituriyentlərə tələbə qəbulu qaydaları, ali və orta ixtisas təhsili müəssiələrinə ərizə qəbulu, “Abituriyentin elektron ərizəsi”nin doldurulma və təsdiq edilmə qaydası və bu zaman qarşıya çıxa biləcək texniki problemlərin həlli, müsabiqə şərtləri, ixtisas seçimi zamanı diqqət yetirilməli olan məsələlər və s. haqqında ödənişsiz köməklik göstərəcəklər. Abituriyentlər onları maraqlandıran suallarla bağlı Abituriyent Məsləhət Mərkəzinə müraciət edə bilərlər.
Abituriyent məsləhət mərkəzləri həftənin beş günü (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək fəaliyyət göstərirlər.
report.az