“BP Azərbaycan” şirkətinin kadrları yüksək beynəlxalq vəzifələrə təyin olunublar.
Şirkətdən verilən məlumata görə, hazırda əməyin təhlükəsizliyi və əməliyyat riskləri üzrə vitse-prezidenti olan Orxan Quliyev, bu ilin 1 iyunundan BP-nin Rumaila bölümündə baş menecer vəzifəsinə təyin olunur.
Bu yeni vəzifədə O.Quliyev BP-nin İraqdakı Upstream biznes bölümünə rəhbərlik edəcək. O, Yaxın Şərq üzrə rəhbərlik qrupunun üzvü və qlobal əməliyyatlar təşkilatının geniş tərkibli rəhbərlik qrupunun üzvü olacaq.
BP-də işlədiyi ötən 23 il ərzində O.Quliyev AGT regionunda və Londonda "Bakı-Tbilisi-Ceyhan", "Cənubi Qafqaz Boru Kəməri" və “Azəri-Çıraq-Günəşli” layihələri çərçivəsində dənizdə, layihələrin mühəndislik təminatı və layihələrin idarə olunması sahələrində əməliyyatlara aid rəhbər vəzifələr tutmaqla əməliyyatlar və əsas layihələr ilə əlaqədar böyük təcrübə qazanıb.
O.Quliyev Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu inşaat mühəndisi ixtisası ilə magistr dərəcəsi və Azərbaycan Neft Akademiyasını qaz axınlarının dinamikası üzrə doktorluq dərəcəsi ilə bitirib.
“BP Azərbaycan” şirkəti həmçinin bu ilin aprelin 1-dən Rəhman Rəhmanovu Upstream, qlobal layihələr təşkilatında layihələrin idarə olunması üzrə vitse-prezident vəzifəsinə təyin edir.
Yeni vəzifəsində R.Rəhmanov layihələrin həyata keçirilməsinə dəstək olaraq layihələrin idarə olunması, layihə xidmətləri, keyfiyyət, risklər, tikinti və istismara təhvil vermə ilə əlaqədar ixtisaslaşma sahələri və funksional bölmələr üzrə gündəlikdə duran məsələlərin həll edilməsinə cavabdeh olacaq. O, qlobal layihələr təşkilatının texniki funksiyalar üzrə rəhbərlik qrupunun üzvü olacaq və layihələrin idarə olunması çərçivəsində ixtisaslaşma sahələri üzrə bacarıqların artırılması forumuna, eləcə də layihələrin idarə olunması şəbəkəsinə rəhbərlik edəcək.
R. Rəhmanovun bu vəzifə ilə əlaqədar 19 ildən çox təcrübəsi var. O, BP-də 2003-cü ildən işləyir və karyerası ərzində bir sıra layihələrdə rəhbər vəzifələr, o cümlədən “Dərinsulu Günəşli” layihəsində sazlama üzrə menecer, !"Çıraq" neft layihəsində qazma işlərinin təhvili üzrə menecer və "Şahdəniz 2" layihəsində üst modulların təhvili üzrə layihə meneceri vəzifələrini tutub. R.Rəhmanovun ən son vəzifəsi AGT regionunda midstream layihələri üzrə baş menecer olub.
R.Rəhmanov Azərbaycan Elmi-Tədqiqat Energetika İnstitutu tərəfindən mühəndislik üzrə doktorluq dərəcəsinə layiq görülüb.
BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Cons bildirib ki, O.Quliyev və R.Rəhmanov BP-nin regiondakı biznesinin uğuruna böyük töhfələr veriblər, bunun üçün onlara çox təşəkkür edib.
trend.az