Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) sədri Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada “Miss və Mister RAGB-2019” müsabiqəsi başa çatıb.
Bu il mart ayında Azərbaycan gənclərinə xas olan ən yaxşı keyfiyyətləri təcəssüm etdirən bir gənc qız və bir gənc oğlan seçmək üçün müsabiqə elan edilib. RAGB-nin sosial şəbəkələrindəki səhifələrində aparılmış səsvermədən sonra səkkiz iştirakçı finala çıxıb.
RAGB-nin idarə heyətinin üzvü Emin Hacıyev müsabiqənin final mərhələsini açıq elan edərək deyib ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərlik etdiyi təşkilat Rusiyada yaşayan və təhsil alan gənclərin sıx birləşməsinə, onların elmi, təhsil, yaradıcılıq sahələrinə aid və ictimai xarakterli təşəbbüslərinin həyata keçirilməsinə şərait yaradır. Təşkilatın rəhbəri Leyla Əliyeva istedadlı gəncləri həmişə dəstəkləyir, onların yaradıcılıq imkanlarının reallaşdırılmasına kömək edir. E.Hacıyev deyib: “Bizim bugünkü tədbirimiz artıq ənənəyə çevrilir. Bu müsabiqəmiz başqa oxşar tədbirlərdən fərqlənir. Bizim müsabiqənin iştirakçıları münsiflər heyətinin üzvlərinə Azərbaycanın ənənələri, mədəniyyəti, milli geyimləri barədə məlumat verəcəklər. Onlar müğənni, rəqqas, intellektual və teatr sahəsinin mütəxəssisləri olacaqlar”.
Müsabiqənin final mərhələsinə çıxmış iştirakçılar – Səbinə Abbasova (Moskva), Səbinə Bayramova (Moskva), Kamilla Ələsgərova (Kazan), Tünzalə Mirzəzadə (Moskva), Şahnaz Zeynalova (Perm), Anar Ağazadə (Moskva), Semur Qarayev (Kaluqa) və Məhər Məhərrəmov (Moskva) münsiflər heyətinə öz video-vizit kartlarını təqdim ediblər. Sonra üç iştirakçı yaradıcı müsabiqə, milli geyimdə defile və müsahibə sınaqlarından keçməli olublar. Hər bir iştirakçı müəyyən obraz fikirləşib tapıb və bu obrazı səhnədə yaradıb. Olduqca parlaq və qeyri-adi nəticə alınıb.
Münsiflər heyətinə modelyer-rəssam, Rusiya Dizaynerlər İttifaqının üzvü, Parisdəki Rus Rəssamlar Assosiasiyasının üzvü Orxan Sultan, opera səhnəsinin yeni ulduzu, Rusiya Milli Qvardiyası Federal Qoşun Xidməti ansamblının solisti, beynəlxalq müsabiqələr laureatı Lali Xabalova və “Səttar” brendinin həmtəsisçisi, rəssam Cemma Səttar daxil idi.
Münsiflər heyətinin apardığı səsvermənin yekunlarına əsasən “Miss RAGB-2019” tacı G.V.Plexanov adına Rusiya İqtisad Universitetinin tələbəsi Səbinə Abbasovaya çatıb, “Mister RAGB-2019” - Rusiya Federasiyası Müdafiə Nazirliyi yanında Hərbi Universitetin kursantı Anar Ağazadə isə təşkilatçılardan kubok alıb.
Müsabiqənin qaliblərinə və digər finalçılara təşkilatçılar adından diplomlar və qiymətli mükafatlar təqdim edilib.
Tədbir maraqlı musiqi proqramı ilə davam edib.
report.az