Sabahdan Bakıda Beynəlxalq Turizm və Səyahətlər sərgisi işə başlayır
3.4.2019

Sabah Bakıda 18-ci Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər (AITF 2019) sərgisi işə başlayır.

Aprelin 6-da yekunlaşacaq sərginin təşkilatçısı “Iteca Caspian” şirkətidir.

Sərgi ilə əlaqədar keçirilən mətbuat konfransında çıxış edən Azərbaycan Dövlət Turizm Agentliyinin mətbuat xidmətinin rəhbəri Kənan Quluzadə qeyd edib ki, hər il olduğu kimi, bu il də “AITF” sərgisi müxtəlif ölkələrin turizm bazarlarının nümayəndələrini, eləcə də milli və regional turizm təşkilatları və dövlət strukturlarını bir araya gətirəcək.

O, turizm sahəsinin inkişafının ölkəmiz üçün əsas məsələlərdən biri olduğunu söyləyib.

K.Quluzadə əlavə edib ki, AITF sərgisi Dövlət Turizm Agentliyi və Milli Turizm Təbliğat Bürosunun fəal dəstəyi və iştirakı ilə keçiriləcək.

“Iteca Caspian” şirkətinin layihə rəhbəri Lalə Hüseynova bildirib ki, bu il sərgidə turizm şirkətləri, aviaşirkətlər, mehmanxana şəbəkələri və sanatoriyaların milli və regional təmsilçiləri öz xidmətlərini təqdim edəcəklər. Ənənəvi olaraq, Belarus, Bolqarıstan, Çin, Dominikan Respublikası, İtaliya, Mərakeş, Tailand və Çex Respublikası milli stendlərlə çıxış edəcəklər. Əvvəlki illə müqayisədə bu il Belarus və Tailand daha böyük sərgi ərazisini bron edib.

L.Hüseynova əlavə edib ki, bu il sərgidə Azərbaycanın stendi də təqdim olunacaq: "Birinci zalda böyük sahəni əhatə edən bu stenddə ölkəmizin bütün turizm potensialı nümayiş olunacaq. Burada şəhər və regionlarda dincəlmək istəyənlər, eləcə də təbiətsevərlər və fəal istirahət həvəskarları maraqlı təkliflərlə tanış ola biləcəklər. Əvvəlki illərdə olduğu kimi, bu il də “AITF 2019” sərgisində idman turizmi, turizm sahəsində informasiya texnologiyaları, ov və balıqçılıq, eləcə də digər sektorlar təqdim olunacaq. “Tibbi və Sağlamlıq Turizmi” sektoru üzrə sərgidə bir sıra ölkələri təmsil edən sanatoriyalar, sağlamlıq və SPA mərkəzləri geniş şəkildə təqdim ediləcək".

Layihə rəhbəri deyib ki, 2019-cu il Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi ilə “Nəsimi ili” elan edilib və bu hadisə “AITF” sərgisi çərçivəsində də öz əksini tapacaq. Təşkilatçılar “Tarixə və Nəsimi yaradıcılığına səyahət” adlı tədbir təşkil etməklə, şairin xatirəsini yad edərək sərginin qonaqlarını Azərbaycanın zəngin mədəniyyəti ilə tanış etmək qərarına gəliblər.

trend.az