Qaradağ rayonunda on milyonuncu sakinin doğulması münasibətilə konsert proqramı və atəşfəşanlıq təşkil olunub
8.4.2019

Azərbaycanın 10 milyonuncu sakinin dünyaya gəlməsi münasibətilə Qaradağ rayonunda agacəkmə aksiyası keçirilib.

Qaradağ Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, ağacəkmə kompaniyasında rayonun müxtəlif ünvanlarında 600 ədəd ağac əkilib.

Daha sonra günorta ölkənin 10 milyonuncu vətəndaşı dünyaya gəlməsi münasibəti ilə rayon gəncləri Lökbatan qəsəbəsi Heydər parkının qarşısında toplaşaraq fleşmob keçiriblər. Rəqs edərək, sevinərək əylənən gənclər asudə vaxtlarını bu sevincli xəbərə həsr edərək 10 000 000 sözünü yazıblar.

Axşam saatlarında isə Azərbaycanın 10 milyonuncu sakinin dünyaya gəlməsi münasibətilə Qaradağ rayonunda konsert proqramı təşkil edilib.

Tədbir iştirakçıları rayonun incəsənət və mədəniyyət kollektivlərinin bir birindən maraqlı ifalarını izləyib, incəsənət ustalarının ifasında şən mahnıları dinləyiblər. Proqram zamanı iştirakçılar göyə rəngarəng şarlar və göyərçinlər uçurdublar.

Konsert proqramı atəşfəşanlıqla başa çatıb və rayon sakinləri atəşfəşanlığa maraqla tamaşa ediblər.

Qeyd edək ki, aprelin 6-da keçmiş Ağdərə rayonunun sakinləri, hazırda Ağdam rayonunun Baş Güneypəyə kəndində qeydiyyatda olan məcburi köçkün Ocaqova Nigar Çərkəz qızı ilə Həsənov Rauf Yunis oğlunun ailəsində Azərbaycanın 10 milyonuncu sakini dünyaya gəlib.

trend.az