Ucqar kəndlərdə 50 modul tipli məktəb istifadəyə veriləcək
10.4.2019

Cari ildə daha 50 modul tipli məktəb istifadəyə veriləcək.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, bəzi ucqar kəndlərdə qəzalı vəziyyətdə olan məktəb probleminin aradan qaldırılması üçün modul tipli məktəblərin quraşdırılması nəzərdə tutulub. Yeni quraşdırılacaq modul tipli məktəblərin layihəsi artıq hazırdır.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə ilk dəfə olaraq ucqar kəndlərdə az şagird kontingentli qəzalı məktəblərin yeni binalarla əvəz edilməsi çərçivəsində modul tipli məktəb təcrübəsi tətbiq edilib. 2017-ci ildə 40 rayonda 6 min şagird yerlik 106, 2018-ci ildə isə 43 regionda 8120 şagird yerlik 137 modul tipli məktəb quraşdırılıb.

Modul tipli məktəblərin üstünlüyü onların azməsrəfli olması ilə yanaşı, qısa müddət ərzində istənilən relyefdə quraşdırılması, asan daşınması, sinif otaqlarının sayının şagirdlərin sayına uyğun olaraq rahatlıqla azaldılıb-artırılmasıdır.

trend.az