Azərbaycanda tikinti icazələrinin verilməsi tamamilə elektronlaşdırılacaq
10.4.2019

Azərbaycan Prezidenti İlham Əliyevin çoxmənzilli binaların istismarına icazələrin verilməsinin sadələşdirilməsi barədə fərmanla qanunvericiliyə dəyişikliklər edilib və bununla əlaqədar olaraq biz rəqəmsal formatın tətbiq olunmasını planlaşdırırıq.

Bunu Trend-ə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini Dövlətxan Dövlətxanov deyib.

Onun sözlərinə görə, rəqəmsal formata keçid vətəndaşlarla məmurların ünsiyyətini tamamilə aradan qaldıracaq, eləcə də şəffaflığı artıracaq və bu prosesi sürətləndirəcək:

"Hazırda bir çox Avropa ölkəsində tətbiq olunan "Vahid pəncərə" mexanizmi hazırlanıb. "ASAN xidmət"lə birgə biz müvafiq mexanizmi hazırlamışıq və proses artıq işə salınıb. Beləliklə, artıq Bakıda elektron formatda icazənin alınması üçün müraciət etmək olar. Hələlik biz bu prinsipi ekspertizanın tələb olunmadığı tikililərə tətbiq edirik. Aprobasiya prosesi başa çatdıqdan sonra biz bu ilin ortalarında "Vahid pəncərə" formatını bütün növ icazələrə, ilkin ekspertizanın tələb olunduğu obyektlərə də tətbiq etməyi planlaşdırırıq".

D.Dövlətxanov əlavə edib ki, yaxın gələcəkdə bu müsbət təcrübə ölkənin digər şəhər və regionlarında tətbiq olunacaq.