Bir sıra rayonlarda daha geniş yaşıllıqlar salınacaq
12.4.2019

Yeni yaşıllıqların salınması və ağac əkilməsinin təşviqi məqsədilə keçirilən aksiyalarda bir sıra rayon icra hakimiyyətləri öz fəallıqları ilə fərqlənir ki, bu da ağacəkmə kampaniyasının daha da kütləviləşməsinə rəvac verir.

Trend-in məlumatına görə, bunu bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyində (ETSN) keçirilən mətbuat konfransında nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib:

"Aparılan təhlillərə əsasən deyə bilərik ki, paytaxtın Yasamal, Nərimanov, Binəqədi, Xəzər rayonlarında, bölgələr üzrə Şəmkir, Sumqayıt, Şirvan, Ağcabədi, Yevlax, Mingəçevir, Qax şəhərlərində yaşıllıqların salınması tədbirləri artıq kütləvi hal alıb və bu rayonlarda daha geniş yaşıllıq zolaqları salınıb.

Əminik ki, belə tədbirlər digər rayonlar üçün də stimul olacaq, geniş yaşıllıq sahələri salınacaq və qorunacaq.

Qeyd edim ki, ağacəkmə aksiyalarının keçirilməsində məqsəd ölkəmizdə yaşıllıq sahələrinin artırılması, qorunması və insanlarda təbiətə qayğı hissini aşılamaqdır".