AZAL Səudiyyə Ərəbistanına yeni istiqamətlər təqdim edib
15.4.2019

Azərbaycan milli aviadaşıyıcısı "Azərbaycan Hava Yolları" QSC (AZAL) Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda bu ölkənin bir sıra şəhərlərinə yeni istiqamətlərin təqdim olunduğu “Azərbaycan şahinin gözü ilə” adlı təqdimat keçirib.

Bu barədə “Report”a şirkətdən bildirilib.

Məlumata görə, tədbirdə AZAL-ın vitse-prezidenti Eldar Hacıyevin başçılıq etdiyi nümayəndə heyəti, hər iki ölkənin hökumət, diplomatik korpus, kütləvi informasiya vasitələri nümayəndələri və digərləri iştirak ediblər.

Azərbaycanda istirahət və asudə vaxtın təşkili, o cümlədən çimərlik, xizək, tibbi və tarixi turizm üzrə müasir turizm imkanları geniş auditoriyaya təqdim olunub.

Tədbir iştirakçılarına Azərbaycan mülki aviasiyasının infrastrukturu barədə məlumat verilib. Qonaqlar həmçinin ölkəmizin mətbəx incilərini qiymətləndirə biliblər.

E.Hacıyev bildirib ki, Prezident İlham Əliyevin daimi diqqət və dəstəyi sayəsində ölkəmizin mülki aviasiyası böyük nailiyyətlər əldə edib. Ötən il AZAL-ın nüfuzlu 4-ulduzlu aviadaşıyıcı statusu təsdiqlənib və şirkət Böyük Britaniyanın “Skytrax” agentliyinin versiyası üzrə Mərkəzi Asiya və Hindistanda ən yaxşı regional aviaşirkət elan olunub.

Onun sözlərinə görə, Heydər Əliyev Beynəlxalq Hava Limanı “Skytrax” şirkəti tərəfindən maksimal “5 Ulduz” statusuna layiq görülərək və bu statusa malik dünyanın doqquzuncu hava limanı olaraq, yüksək beynəlxalq ad qazanıb. Heydər Əliyev Beynəlxalq Hava Limanı sərnişin və yük daşımaları sahəsində regionun şəksiz lideridir.

"Xalqlarımız ümumi dini-mədəni irsə, ümumi mənəvi dəyərlərə malikdirlər. Yeni istiqamətlərin açılması, həmçinin sadələşdirilmiş viza rejimi iki ölkə arasında turist axınını və işgüzar əlaqələri xeyli artırmağa imkan verəcək", deyə E.Hacıyev bildirib.

Qeyd edək ki, AZAL ərəbölkələrinə çox sayda yeni müntəzəm və çarter reysləri açır. Reyslərdən altısı Səudiyyə Ərəbistanına - Ər-Riyad, Dammam, Ciddə, Mədinə, Burayda (Əl-Qassim) və Əl-Xufuf şəhərlərinədir.

Səudiyyə Ərəbistanına reyslər müasir Airbus A319/320 və E190 təyyarələri ilə aşağıdakı qrafikə əsasən yerinə yetiriləcək:

Bakı-Ciddə-Bakı - bazar ertəsi günləri (aprelin 8-dən etibarən);
Bakı-Mədinə-Bakı – çərşənbə günləri (iyunun 5-dən etibarən);
Bakı-Dammam-Bakı – cümə günləri (iyunun 7-dən etibarən);
Bakı-Ər-Riyad-Bakı – bazar ertəsi günləri (iyunun 10-dan etibarən);
Bakı-Əl-Xufuf-Bakı – bazar günləri (iyunun 9-dan etibarən);
Bakı-Burayda (Əl-Qassim)-Bakı - cədvəl dəqiqləşdirilir.