Karateçilərimiz daha bir mötəbər yarışa qatılacaq
15.4.2019

Azərbaycan karateçilərindən ibarət milli komanda həftəsonu Mərakeşin paytaxtı Rabatda Karate1 seriyasından Premyer Liqa turnirinə qatılacaq.

Azərbaycan Milli Karate Federasiyasından verilən məlumata görə, 19-21 aprel tarixlərində nüfuzlu yarışda 14 idmançımız iştirak edəcək.

Kumite üzrə baş məşqçi Bahəddin Kandaz, eləcə də böyük məşqçilər Şahin Xudaverdiyev və Qurban Tağıyevin rəhbərlik etdiyi komanda heyətində Firdovsi Fərzəliyev (-60 kq), Rafiz Həsənov və Hümmət Baxşəliyev (-67 kq), Rafael Ağayev (-75 kq), Ayxan Mamayev, Pənah Abdullayev və Turqut Həsənov (-84 kq), həmçinin Şahin Atamov və Asiman Qurbanlı (+84 kq) yer alıb. Qadınların baş məşqçisi Denis Morozov Nuranə Əliyevaya (-50 kq), İlahə Qasımova (-55 kq), Fəridə Abiyeva (-61 kq) və İrina Zaretskanın (-68 kq) çıxışına üstünlük verib.

Kata üzrə baş məşqçi Vahid Ayvazov isə Romah Heydərovun yarışa qatılmasını məqbul sayıb. Mərakeşdə liqa turnirinə yollanan heyətdə baş katib Mirhəsən Seyidov, beynəlxalq hakimlər Cahangir Babayev və Vüqar Kərimov da var. Karate1 Premyer Liqa turnirin Rabat mərhələsində 78 ölkədən 661 idmançı mübarizə aparacaq. Nəticələr dünya və olimpiya reytinq cədvəlinə təsir edəcək.