İran-Azərbaycan dəmir yolu ticarət dövriyyəsinin inkişafına kömək edəcək
15.4.2019

İran dəmir yolunun Azərbaycana birləşməsi İran və MDB ölkələri arasında ticarət dövriyyəsinin inkişafına böyük imkan yaradıb.

Trend-in məlumatına görə, bunu İran və Rusiyanın Birgə Ticarət Palatasının iranlı həmsədri Hadi Tizhuş Taban deyib.

H.T.Tabanın sözlərinə görə, İran və Rusiyanın hazırkı ticarət dövriyyəsinin dəyəri ildə təxminən 2 milyard dollardır.

Palata rəsmisi əlavə edib ki, lazımi infrastrukturların yaradılması ilə bu rəqəmi 10 milyard dollara çatdırmaq mümkündür.

Qərbin Rusiyaya sanksiyalar tətbiq etdiyinə toxunan iranlı rəsmi bildirib ki, Rusiyanın böyük bazarında uğur qazanmağın ilk şərti idxal üçün sərt qaydalar tətbiq edən rus bazarını tam şəkildə tanımaqdır.

İranın Avrasiya İqtisadi Birliyinə qoşulmasına toxunan H.T.Taban əlavə edib ki, ölkə parlamentində bu önəmli məsələ gündəmə çıxarılıb.