Beynəlxalq Avtomobil Federasiyası (FIA) “Formula 1” üzrə dünya çempionatının 2020-cü il mövsümü üçün idman və texniki reqlamentinin ilkin versiyasını açıqlayıb.
“Report” qurumun rəsmi saytına istinadən xəbər verir ki, cari mövsümün reqlamenti ilə yenisi arasında cüzi dəyişikliklər var. Bunlardan biri komandaların bolidlərlə işləməsini qadağan edən “komendant saatı” ilə bağlıdır. 2020-ci ildən komandalar cümə axşamı və cümə günləri birinci və ikinci sərbəst yürüşlərin startına 12 saat qalmış işə başlaya biləcəklər. Hazırda bu müddət 8 saatdır.
Yeni mövsümdən başlayaraq, komandalar əyləc hava kanalını özləri hazırlamalı olacaqlar. Bu detalı satın almaq qadağan edilib. Yanacaq və mühərrik yağları ilə bağlı da cüzi dəyişikliklər var. Məsələn, hazırda komandalara monokokdan kənarda 2 litrə qədər yanacaq saxlamağa icazə verilir. 2020-ci ildə 0,25 litr olacaq.
FIA sıralama turu ilə bağlı heç bir dəyişiklik etməyib. Halbuki təsnifatın indiki kimi 3 deyil, 4 mərhələdən ibarət olacağı deyiliridi.
Qeyd edək ki, hazırkı reqlamentə əsasən, cümə günü iki 90 dəqiqəlik sərbəst yürüş olur. Şənbə günü bir 60 dəqiqəlik sərbəst yürüş və sıralama turu, yəni 3 bölümdən ibarət təsnifat mərhələsi keçirilir. Birincidə pilotlara bir dövrəni ən qısa zamanda qət etmək üçün 18 dəqiqə vaxt verilir. Raundun sonunda ən zəif göstəriciyə malik 5 maşın kənarlaşdırılır və onlar yarışa son 5 yerdən başlayırlar. İkinci mərhələdə qalan sürücülərə 15 dəqiqə vaxt verilir və bu dəfə yenə ən zəif gəstəriciyə imza atan “beşlik” kənarlaşdırılır. Son mərhələdə qalan 10 pilot 12 dəqiqə ərzində halqanı dövrə edərək, start yerlərini müəyyənləşdirirlər.