"Çelsi"nin futbolçusu Qarri Keyhil: "Qalib gəlib kuboku qazandığımız üçün xoşbəxtik"
30.5.2019

Bizim üçün yaxşı təcrübə oldu. Qalib gəlib kuboku qazandığımız üçün xoşbəxtik. Düzdür, mövsüm bizim üçün elə də asan keçmədi, sona yaxın toparlanıb Çempionlar Liqasına vəsiqə əldə etdik, amma Avropa Liqasını qazanaraq mövsümü kubokla başa vurmaq istəyirdik, bunu da bacardıq.

"Report" xəbər verir ki, bu sözləri "Çelsi"nin futbolçusu Qarri Keyhil Avropa Liqasının Bakıda keçirilən finalında "Arsenal"a 4:1 hesabı ilə qalib gəldikləri matçdan sonra jurnalistlərə açıqlamasında bildirib.

- Növbəti mövsüm komanda Çempionlar Liqasında çıxış edəcək, bunu necə qiymətləndirirsiniz?

- Əlbəttə, Çempionlar Liqası tamam fərqli və əla turnirdir. Komandamız cari mövsümdə ÇL-də iştirak etmək üçün əllərindən gələni etdi. Növbəti mövsüm daha da inkişaf etməli və öz oyunumuzu gücləndirməliyik.

- Avropa Liqasında gənc oyunçuların komandaya köməyi çox oldu bu barədə nə deyə bilərsiniz?

- Komandaya daim yeni oyunçular cəlb olunur, eyni zamanda akademiyadan olannfutbolçuların əsas komandaya qoşulması sevindirici haldır. Komanda gənclərə önəm verir və onların özlərini sübut etmələri üçün şans yaradır. Düşünürəm ki, gənclər həmin şanslardan istifadə edə bilirlər".