Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialının professor-müəllim heyəti və tələbələri üçün “Erasmus+” proqramı çərçivəsində “Azərbaycan universitetlərində Keyfiyyətin Təminatı mərkəzlərinin yaradılması və inkişaf etdirilməsi” (EQAC) layihəsinin təqdimatı keçirilib. Avropa Komissiyasının maliyyə dəstəyi və Bakı Biznes Universitetinin (BBU) koordinatorluğu ilə reallaşdırılan layihə barədə ADPU-nun Keyfiyyətin təminatı şöbəsinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Rəşad Sadıqov təqdimatla çıxış edib.
ADPU-dan bildirilib ki, təqdimatda layihənin əsas məqamları, tərəfdaş təhsil müəssisələri, nəzərdə tutulan nəticələr, Avropa təcrübəsi haqqında məlumat verilib. Universitetlərdə keyfiyyətin təmini ilə əlaqədar daha mükəmməl idarəetmə sisteminin qurulması məqsədilə QPR onlayn platformasının yaradılacağı qeyd olunub. Bununla yanaşı, ali məktəb müəllimlərinin keyfiyyətin təmin edilməsində rolu, tədris proqramlarının təkmilləşdirilməsinin əhəmiyyəti, müasir və ənənəvi təhsilin fərqləndirici cəhətləri və s. haqqında danışılıb.
Qeyd olunub ki, 2020-ci ilin sonuna qədər davam edəcək layihə çərçivəsində bir sıra işlər həyata keçirilib. Universitetlərdə, o cümlədən ADPU-da Keyfiyyətin təminatı şöbəsi yaradılıb, ali məktəbin cari vəziyyəti öyrənilib, özünütəhlil hesabatı hazırlanıb, tələb olunan digər müxtəlif sənədlər təsdiq edilib. On bir yerli və beş avropalı tərəfdaşı olan layihə ilə bağlı universitetin müvafiq komandasının üzvləri müxtəlif respublika və beynəlxalq təlimlərdə iştirak edib, uğurlu təcrübəni öyrəniblər.
azertag.az