Bu gündən etibarən «Ukrayna Beynəlxalq Hava Yolları» aviaşirkəti («Ukraine International Airlines») Kiyev-Bakı-Kiyev marşrutu ilə birbaşa aviareyslərə başlayıb.
Kiyevdən Bakıya uçuşlar hər həftənin II, IV və VI günləri yerli vaxtla saat 00:50-də, Bakıdan Kiyevə isə III, V və VII günləri saat 07:05-də «Boeing-737» tipli avialaynerlə yerinə yetiriləcək.
Qeyd edək ki, bundan öncə Kiyev-Bakı-Kiyev aviareysini Ukraynanın «Aerosvit» şirkəti yerinə yetirirdi. Lakin dekabrın sonunda «Aerosvit» şirkəti Kiyev Təsərrüfat Məhkəməsinə iflas barədə müraciət təqdim edib. Məhkəmənin qərarında göstərilir ki, şirkətin 27 dekabr 2012-ci ilə qədər olan borcu 4,270 mlrd. qrivna (537,5 mln. ABŞ dolları), aktivlərinin balans dəyəri isə 1,467 mlrd. qrivna (184,6 mln. dollar) təşkil edir. Dekabrın 29-da sözügedən məhkəmə aviaşirkətin iflası barədə işin başlanmasına dair qərar qəbul edib. Yanvar ayında «Aerosvit» Kiyev-Bakı-Kiyev aviareyslərlərini dayandırıb.
Xatırladaq ki, Bakı-Kiyev-Bakı aviareysini həftədə 4 dəfə həmçinin «Azərbaycan Hava Yolları» QSC (AZAL) yerinə yetirir.
Qeyd edək ki, «Ukrayna Beynəlxalq Hava Yolları» aviaşirkəti 1992-ci ildə dövlət tərəfindən yaradılıb və 2011-ci ildə özəlləşdirilib. Hazırda aviaşirkət Kiyevdən Cenevrə, London, Paris, Nitsa, Brüssel, Madrid, Barselona, Almatı, Dubay, Tel-Əviv, Lissabon, Amsterdam, Berlin, Tbilisi, Milan, Roma, Frankfurt, Sürix, İrəvan, Helsinki, Samara, Moskva və Vyanaya aviareyslər yerinə yetirir. Aviaşirkətin parkı 21 ədəd «Boeing-737» təyyarədən ibarətdir.