Əməkdar artist Fuad Osmanovun 55 illiyində “Tənhalıq komediyası”nın premyerası olacaq
7.6.2019

İyunun 8-də Səməd Vurğun Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında tanınmış fransız dramaturqu Patrik Bessonun “Heyvanların dialoqu” və “Taksi sürücüsü” pyesləri əsasında hazırlanan “Tənhalıq komediyası” tamaşasının premyerası olacaq.

Teatrdan bildirilib ki, tamaşanın rejissoru Akademik Rus Dram Teatrının aktyoru, Əməkdar artist Fuad Osmanovdur. Tamaşa Əməkdar artistin 55 illik yubileyinə həsr olunub. Xalq artisti, Akademik Rus Dram Teatrının baş rejissoru Aleksandr Şarovski tamaşanın hazırlanmasında F.Osmanova böyük dəstək göstərib.

Rejissorun yaradıcı eksperimentində Xalq artisti Səfa Mirzəhəsənov, aktyorlar Oleq Əmirbəyov, Murad Məmmədov, Ramil Əliyev və Həcər Ağayeva iştirak edəcəklər. "Yaraşıqlı oğlan" rolunu isə Elmar Ələkbərov canlandıracaq.

Tamaşanın səhnə tərtibatını Əməkdar mədəniyyət işçisi Aleksandr Fyodorov, geyimlərini Əməkdar mədəniyyət işçisi Olqa Abbasova hazırlayıb. Rəqs səhnələrinə isə Həcər Ağayeva quruluş verib. Tamaşanın musiqi tərtibatı Teymur Abdullayevə məxsusdur.

Biletlər teatrın və şəhərin mərkəzləşdirilmiş kassalarından əldə etmək olar.


azertag.az