İyunun 9-da görkəmli müğənni, Azərbaycanın və SSRİ-nin Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, Dövlət mükafatı laureatı Rəşid Behbudovun xatirə günü münasibətilə sənətkarın Fəxri xiyabandakı məzarı ziyarət olunub.
Anım mərasimində Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının kollektivi, sənətkarın ailə üzvləri, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.
Mərasimdə çıxış edən bəstəkar Sərdar Fərəcov bildirib ki, bu gün ən böyük vokal ustalarından biri olan Rəşid Behbudovun ölümündən 30 il keçir. Lakin bu illər ərzində günümüz demək olar ki, Rəhşid Behbudovsuz keçməyib. Çünki onun qoyduğu sənət ölməzdir. Dahi sənətkarın kino və teatr sahələrində, yaratdığı Mahnı Teatrında gördüyü işlər hələ də yaşayır. Bu gün də gənclər böyük Rəşidin işlərini məhəbbətlə davam etdirirlər. “Əlbəttə, böyük sənətkarlar həyatdan gedəndə böyük təəssüf hissi keçiririk. Onların yeri dolmur, onlar əvəz olunmur. Ancaq bir həqiqət də var ki, hər bir böyük sənətkar bir günəş kimidir və neçə-neçə gənclər onun işığına boylanır”, - deyə S.Fərəcov vurğulayıb.
Teatrın solisti, Xalq artisti Gülyanaq Məmmədova R.Behbudovun böyük sənətinin davamçılarından biri olması ilə fəxr etdiyini bildirərək deyib: “Bu böyük sənətkarın ifa etdiyi mahnıları repertuarımda həmişə yenidən canlandırmağa çalışıram. Ölkəmizdə və xaricdə Rəşid Behbudov sənətinin pərəstişkarları onun mahnılarını rəğbətlə qarşılayırlar”.
Rəşid Behbudov Fondunun rəhbəri Kamil Şahverdiyev qeyd edib ki, “Youtube”də Rəşid Behbudov kanalı açılıb. Orada onun mahnıları yer alır. Bu kanal qısa bir zamanda 51 ölkədə populyarlaşıb.
K.Şahverdiyev onu da vurğulayıb ki, Amerika Federal Poçt Xidməti tərəfindən Rəşid Behbudovun və Üzeyir Hacıbəylinin şərəfinə poçt markaları buraxılıb. Bu, onu göstərir ki, bu dahi insanlar Azərbaycanı bu gün də təbliğ edirlər.
Sonda R.Behbudovun məzarı üzərinə qərənfillər düzülüb və əklil qoyulub.
azertag.az