Timur Əsgərov “Paxita” baletində Andresin partiyasını ifa edəcək
10.6.2019

İyunun 19-da Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrında “Paxita” üçpərdəli baleti nümayiş etdiriləcək.

Teatrın saytına istinadla xəbər verilir ki, səhnə əsərində Andresin partiyasını Azərbaycanın Əməkdar artisti Timur Əsgərov ifa edəcək.

“Paxita” baleti ilk dəfə 1846-cı ildə Parisdə səhnəyə qoyulub. Mariya Teatrında nümayiş etdiriləcək baletin əsasını Eduard Deldevezin musiqisi, habelə Lüdviq Minkus və Rikardo Driqonun əsərlərindən fraqmentlər təşkil edir. Səhnə əsərinin Mariya Teatrında premyerası 2017-ci il martın 30-da olub.

Timur Əsgərov 2008-ci ildə Bakı Xoreoqrafiya Akademiyasını bitirib, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında, Ukrayna Milli Akademik Opera və Balet Teatrında çalışıb. 2011-ci ildən Mariya Teatrının truppasında fəaliyyət göstərir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2014-cü il 1 fevral tarixli Sərəncamı ilə T.Əsgərov Gənclər üçün Prezident Mükafatına layiq görülüb. O, 2015-ci ildə Rusiya Böyük Teatrının səhnəsində Arif Məlikovun “Məhəbbət əfsanəsi” baletində Fərhadın partiyasını oynayıb. Mariya Teatrının truppası ilə birlikdə Avropa, Amerika və Asiya ölkələrində qastrolda olub.



azertag.az