Qərb bölgəsində meyvə ağacları oyanıb
12.2.2013

Temperaturun fevral ayı üçün xarakterik formada keçməməsi meyvə ağaclarının oyanmasına səbəb olub.

Bu barədə məlumatı Azərbaycan Elmi Tədqiqat Bitki Mühafizəsi İnstitutunun şöbə müdiri Kazım Hüseynov verib.

Onun sözlərinə görə, artıq bölgədə quş üzümü, qarağat, zoğal, fındıq kimi meyvə ağaclarının tumurcuqları oyanıb. Müşahidələr əsasında temperaturun normada 9-11 dərəcə yüksək olduğu məlum olub. K.Hüseynovun sözlərinə görə, əgər havalar bundan sonra kəskin şaxtalı keçərsə sözügedən meyvə ağacları ziyan görəcək.

“Hələki kənd təsərrüfatı bitkilərində xəstəlik və zərərvericilərə rast gəlinmir. Bu onunla əlaqədardır ki, gündüz isti olsa da gecələr hava bir qədər soyuyur. Amma belə hava şəraiti davam edərsə xəstəlik və zərərvericilərin artması istisna edilmir” – deyə, K.Hüseynov bildirdi.

Müsahib Elmi Tədqiqat Bitki Mühafizəsi İnstitutu tərəfindən xəstəlik və zərərvericilərin yayılması istiqamətində mütəmadi olaraq müşahidələr aparıldığını bildirdi.

Gün.Az