“Azərbaycan San Dieqo ilə görüşür” adlı tədbir keçirilib
12.2.2013

Azərbaycan Dövlət Gömrük Komitəsinin və Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun birgə təşkilatçılığı ilə Kaliforniyanın ikinci ən böyük şəhəri olan San Dieqo şəhərində “Azərbaycan San Dieqo ilə görüşür” (Azerbaijan meets San Diego) adlı geniş tədbir keçirilib.

Tədbirdə Kaliforniya ştat Senatının və Assambleyasının üzvləri, o cümlədən senatorlar Coel Anderson və Marti Block və Ştat Assambleyasının demokratik çoxluğunun rəhbəri Toni Atkins, San Dieqo şəhər meriyasının və Dəniz Limanı Administrasiyasının nümayəndələri, yerli universitetlərin professorları, konsulluq korpusunun və mədəniyyət ocaqlarının təmsilçiləri, KİV nümayəndələri, eləcə də Azərbaycan, yəhudi və İran icmalarının üzvləri iştirak ediblər.

Tədbir Azərbaycan muğam triosunun və San Dieqodan olan Amerikan caz kvartetinin ifasında muğam-caz sintezi konserti ilə başlamışdır. İstedadlı sənətkarların yaratdıqları ifalar tamaşaçıların sürəkli və ayaqüstü alqışları ilə qarşılanıb.

Konsertdən sonra “Azərbaycan gömrüyü mədəni dəyərlərin keşiyində” adlı sərginin açılışı olub.

Sərgidə Azərbaycan Dövlət Gömrük Komitəsi muzeylərində saxlanılan, Komitə əməkdaşları tərəfindən qaçaqmalçılardan müsadirə olunmuş qədim və dəyərli incəsənət əsərləri nümayiş etdirilir.

Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev tədbiri açaraq, qonaqları salamlayıb və bu kimi tədbirlərin önəmindən bəhs edib.

Diplomat Azərbaycan ilə Kaliforniya arasında əlaqələrin, o cümlədən Bakı ilə San Dieqo arasında yaradılmış münasibətlərin bundan sonra daha da genişləndirilməsinin zəruriliyini qeyd edib.

Sonra çıxış üçün söz Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyevə verilib.

A.Əliyev çıxışında Dövlət Gömrük Komitəsinin mədəni dəyərlərin qorunması və gələcək nəsillərə çatdırılması sahəsində gördüyü işlərdən, sərgidə nümayiş etdirilən eksponatların yüksək bəşəri önəmindən bəhs edib.

Natiq, həmçinin, Dağlıq Qarabağ kimi nəzarət olunmayan ərazilərdən istifadə yolu ilə mədəni dəyərlərin oğurlanmasının bəşəriyyətin mədəni irsinə zərbə vurduğunu qeyd edərək, belə halların qarşısının alınmasının vacibliyini vurğulayıb.

Daha sonra çıxış edən Kaliforniya ştat Senatının üzvü, senator Coel Anderson Muğam-Caz konsertindən və sərgidə nümayiş etdirilən qiymətli incəsənət əsərlərindən riqqətə gəldiyini bildirərək, belə tədbirlərin iki xalqın daha da yaxınlaşması və bir-birini daha yaxından tanıması üçün yüksək önəm daşıdığını bildirib.

Sonra C.Anderson Kaliforniya ştat Senatının üzvləri tərəfindən imzalanmış, Azərbaycan Respublikasına həsr olunmuş qətnaməni A.Əliyevə təqdim edib.

Qətnamədə Azərbaycan barədə məlumat verilərək, Azərbaycanın ABŞ-ın güclü müttəfiqi və strateji tərəfdaşı olduğu və Kaliforniyadakı Azərbaycan icmasının müxtəlifliyə, mədəniyyətlərarası anlaşmaya, sülhə və çiçəklənməyə fəal şəkildə töhfə verdiyi bildirilir və San Dieqoda belə bir tədbirin keçirilməsinə görə təşəkkür ifadə edilir.

Tədbir Azərbaycan mətbəxi nümunələrini və şərablarını da özündə əks etdirən ziyafətlə yekunlaşıb.

Qeyd edək ki, San Dieqoda keçirilən sözügedən tədbir, həmçinin fevralın 5-də Los Ancelesdə keçirilmiş oxşar tədbir ilə əlaqədar olaraq Kaliforniyada işçi səfərdə olan Aydın Əliyev səfər müddətində San Dieqo şəhərinin meri Bob Filner, ABŞ Gömrük və Sərhəd Mühafizəsi Xidmətinin Los Anceles bölməsinin direktoru Todd Ouen, həmin xidmətin San Dieqo bölməsinin direktoru Pit Flores və San Dieqo Dəniz Limanı Administrasiyasının direktoru Veyn Darbo ilə görüşlər keçirərək, müvafiq ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edib.