Azərbaycan Universitetində Böyük britaniyalı kafedra müdiri kollektivə təqdim olunub
11.6.2019

Azərbaycan Universiteti Maliyyə və iqtisadiyyat kafedrasının yeni müdiri professor Paul Gibbs inzibati heyətə təqdim olunub.

Universitetdən bildirilib ki, Paul Gibbs bundan əvvəl Böyük Britaniyanın London şəhərində yerləşən Middlesex Universitetinin professoru olub.

Yeni kafedra müdiri təqdimatın ardından rektor Səadət Əliyevanın qəbulunda olub. Qəbulda professor Paul Gibbs kafedranın inkişafı ilə bağlı platformasını rektora təqdim edib. Görüşdə Maliyyə və iqtisadiyyat kafedrası tərəfindən tədris olunan ixtisasların tədris proqramlarının beynəlxalq standartlara uyğunlaşdırılması, tədris prosesinin bu sahədə beynəlxalq təcrübə nəzərə alınmaqla təşkili, akademik imkanların gücləndirilməsi, kafedra əməkdaşlarının beynəlxalq layihələrdə iştirakı və digər bu kimi məsələlər müzakirə olunub.

Qeyd edək ki, Paul Gibbs kafedranın professoru kimi də fəaliyyət göstərəcək.



azertag.az