Xoreoqrafiya Akademiyasında bakalavr tələbələrinin ilk diplom tamaşaları təqdim edilib
12.6.2019

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Bakı Xoreoqrafiya Akademiyasının İncəsənət fakültəsinin “Xoreoqrafiya sənəti” ixtisası üzrə IV kurs tələbələrinin diplom tamaşaları təqdim olunub.

Akademiyadan bildirilib ki, təqdim olunan ilk diplom tamaşası bu təhsil ocağının IV kurs tələbəsi, Əməkdar artist Nigar Şahmuradovanın Qara Qarayevin I simfoniyası əsasında quruluş verdiyi “Ülvi məhəbbət” əsəri olub. Diplom rəhbəri Bakı Xoreoqrafiya Akademiyasının bədii rəhbəri, Xalq artisti, dosent Kamilla Hüseynovadır.

İkinci təqdim olunan tamaşa isə Bakı Xoreoqrafiya Akademiyası İncəsənət fakültəsinin “Xoreoqrafiya sənəti” ixtisası üzrə IV kurs tələbələri Məhəmməd Abdullayev, Nərgiz Həsənova və Elnur Hüseynlinin quruluş verdiyi “Məchul pilləkən” əsəri olub. Diplom rəhbəri Əməkdar artist, dosent Zakir Ağayevdir.

Akademiya tarixində ali təhsil pilləsinin bakalavr səviyyəsi üzrə ilk diplom tamaşaları olduğuna görə tamaşalar akademiyanın professor-müəllim və tələbə heyəti, eləcə də ictimaiyyət tərəfindən maraqla qarşılanıb.

Tamaşalardan sonra tələbələr akademiyada aldıqları təhsil və yaradıcılıq mühiti, onların baletmeyster kimi formalaşmasında müəllimlərinin rolundan danışaraq onlara öz təşəkkürlərini bildiriblər.


azertag.az