İyunun 19-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operası nümayiş ediləcək.
Teatrın mətbuat xidmətindən bildirilib ki, budəfəki nümayiş Azərbaycan teatr sənətinin görkəmli nümayəndəsi, peşəkar musiqili teatrın yaradıcılarından biri, Xalq artisti Hüseynqulu Sarabskinin 140 illiyinə həsr olunub.
Məlum olduğu kimi H.Sarabski Azərbaycan Opera və Balet Teatrının solisti kimi bu teatrın səhnəsində bir sıra tamaşalarda çıxış edib, Məcnun (“Leyli və Məcnun”), Kərəm (“Əsli və Kərəm”), Sərvər (“O olmasın, bu olsun”), Şeyx Sənan (“Şeyx Sənan”), Qərib (“Aşıq Qərib”), Şah İsmayıl (“Şah İsmayıl”) və başqa partiyaların ən yaxşı ifaçılarından biri olub.
Görkəmli sənətkarın xatirəsinə həsr olunmuş tamaşada əsas partiyaları Əməkdar artistlər Arzu Əliyeva (Leyli), İlkin Əhmədov (Məcnun), Cahangir Qurbanov (Nofəl), solistlər Aytən Məhərrəmova (Leylinin anası), Nurlan Namazov (İbn-Səlam), Taleh Yahyayev (Leylinin atası), Afaq Ağayeva (Məcnunun anası), Mütəllim Dədmirov (Məcnunun atası) və başqaları ifa edəcəklər.
Tamaşanı Əməkdar incəsənət xadimi Sevil Hacıyeva idarə edəcək.
azertag.az