“Nəsimi 650” Diaspor Gənclərinin II Yay Düşərgəsi iştirakçılarının seçimi başa çatıb
13.6.2019

“Nəsimi 650” Diaspor Gənclərinin II Yay Düşərgəsi iştirakçılarının seçimi başa çatıb.

Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Diasporuna Dəstək Fondunun təşkilatçılığı, Gənclər və İdman Nazirliyi, Azərbaycan Gənclər Fondunun tərəfdaşlığı ilə iyulun 8-dən 14-dək Şamaxı şəhərində keçiriləcək Diaspor Gənclərinin II Yay Düşərgəsinin iştirakçıları artıq məlumdur.

Qeyd edək ki, artıq ənənəvi hal almış düşərgədə iştirak üçün 51 ölkədən yüzlərlə gənc müraciət edib. Müraciət edənlərin içərisindən 110 gənc düşərgədə iştirak hüququ qazanıb.

2019-cu ilin ölkəmizdə “Nəsimi ili” olmasını nəzərə alaraq, dahi Azərbaycan mütəfəkkiri İmaməddin Nəsiminin anadan olmasının 650 illiyinə həsr olunan layihənin məqsədi dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlı gəncləri vahid platformada birləşdirmək və Azərbaycanla daha yaxından tanış etməkdir.

Düşərgə çərçivəsində Azərbaycanın tarixi və memarlıq abidələrini ziyarət, rəsmi və tanınmış şəxslərlə görüşlər, qrup müzakirələri, əyləncəli-maarifləndirici tədbirlərin təşkili nəzərdə tutulur.

Diaspor Gənclərinin II Yay Düşərgəsində iştirak xərcləri – viza, yol, yaşayış, qida-lanma, daxili nəqliyyat və səyahət sığortası üçün bütün xərclər tam şəkildə qarşılanacaq.


report.az