Ölkəmizin Fransadakı səfirliyinin dəstəyi və Fransa-Azərbaycan Dialoq Assosiasiyasının (ADFA) təşkilatçılığı ilə Parisdə rəssam Əli Seyranın əsərlərinin sərgisi təşkil olunub.
Azərbaycan Mədəniyyət Mərkəzində keçirilən tədbirdə ADFA-nın prezidenti Günel Səfərova ölkələrimiz arasındakı mədəniyyət əlaqələrinə və ortaq xüsusiyyətlərə toxunub. O, ölkəmizin mədəniyyət sahəsinə göstərdiyi diqqətdən, Avropada bir çox mədəniyyət abidələrinin bərpasına verdiyi töhfələrdən söz açıb.
Fransa-Azərbaycan Dialoq Assosiasiyasının (ADFA) fəaliyyəti haqqında ətraflı məlumat verən G.Səfərova deyib ki, bir yaşı olan təşkilat qısa müddət ərzində Azərbaycanın tarixini və mədəniyyətini tərənnüm edən 30-dan artıq tədbir keçirib.
ADFA-nın fəaliyyətinə göstərdiyi dəstəyə görə ölkəmizin Fransadakı səfirliyinə təşəkkürünü bildirən G.Səfərova rəssam Əli Seyranın yaradıcılığına toxunub, onun hələ uşaq yaşlarından rəssamlığa maraq göstərdiyini deyib. Qeyd edilib ki, Belçikada yaşayan rəssam miniatür əsərlərə üstünlük verir. Rəssam Azərbaycanın zəngin incəsənətindən ilhamlanıb.
Vurğulanıb ki, anadan olmasının 650 illiyi qeyd edilən İmadəddin Nəsiminin əsərlərindən ilhamlanan Ə.Seyran bir neçə miniatür çəkib.
Sərgidə ölkəmizin tarixi abidələrini, təbiətini əks etdirən natürmortlar sənətsevərlərin marağına səbəb olub.
azertag.az