Azərbaycan xalqının mədəni irsinin təbliği, regionların mədəni potensialının nümayiş etdirilməsi, regionlararası mübadilənin genişləndirilməsi məqsədi ilə təşkil olunan “Bölgələrdən bölgələrə” II yaradıcılıq festivalına iyunun 18-də Xəzər rayonu Mərdəkan Mədəniyyət sarayında yekun vurulub.
Azərbaycanın dörd bir diyarını qarış-qarış dolaşan yaradıcılıq festivalının yekun tədbirində mədəniyyət naziri Əbülfəs Qarayev, nazir müavinləri, rayon icra nümayəndəlikləri, regional mədəniyyət idarələrinin rəisləri və mədəniyyət işçiləri iştirak ediblər.
Tədbirdə çıxış edən mədəniyyət naziri Əbülfəs Qarayev nazirliyin təşəbbüsü ilə cari ilin mart-iyun aylarında reallaşan “Bölgələrdən bölgələrə” festivalının əhəmiyyətini yüksək qiymətləndirib. Bildirib ki, ölkə rəhbərliyi regionların inkişafına xüsusi diqqət yetirir və regionların inkişafı ilə bağlı xüsusi sərəncamlarla bu sahədə böyük layihələr həyata keçirilir. Regionların inkişafında və regionlararası əlaqədə mədəniyyətin də öz rolu var: “Birinci vitse-prezident Mehriban xanım Əliyevanın fəaliyyəti nəticəsində bu gün mədəniyyətimiz və mədəni irs nümunələrimiz beynəlxalq aləmdə tanıdılır, təbliğ edilir. Mədəniyyətimizi xalqın içində yaşatmaq və gələcək nəsillərə ötürmək üçün bu gün ölkəmizdə çoxsaylı mədəniyyət işçisi ordusu fəaliyyətdədir. "Bölgələrdən bölgələrə" festivalı da bizim bu missiyaya töhfəmizdir. Mədəniyyət sahəsində çalışan insanlar bu zənginliyə öz yaradıcılıqları ilə töhfə verirlər”.
Diqqətə çatdırılıb ki, regionlararası mübadilədə mühüm əhəmiyyət kəsb edən festival Mədəniyyət Nazirliyinin 15 regional idarəsinin şəhər və rayonlarında gerçəkləşib. Nazirliyin regional idarələri tərəfindən qurulan festival çadırları yerli sakinlərin və qonaqların marağına səbəb olub. Nazir festivalın keçirilməsində əməyi olan hər kəsə öz minnətdarlığını bildirib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Əbülfəs Qarayev festivalın işinin təşkilinə və çox yüksək dəstəyə görə icra hakimiyyəti orqanlarına təşəkkürünü bildirdi. Vurğulayıb ki, ulu öndər Heydər Əliyev rəhbərlik etdiyi dövrdə mədəniyyətə hər zaman xüsusi diqqət və qayğı ilə yanaşıb və bu siyasət bu gün də uğurla davam etdirilir.
Daha sonra nazir festivalın təşkilində dəstəyinə görə Balakən, Xaçmaz, Ağcabədi, Tərtər və Lerik rayonlarının icra hakimiyyətlərinin başçılarına mükafatlar təqdim edib. Gəncə, Sumqayıt, Kürdəmir, Ağcabədi , Biləsuvar və Ağdaş regional idarələrinin rəislərinə fəxri fərmanları təqdim edilib.
“Bölgələrdən bölgələrə” II yaradıcılıq festivalına verdiyi informasiya dəstəyinə görə Azərbaycan Dövlət İnformasiya Agentliyi və Azərbaycan Dövlət Televiziyası da fəxri fərmanla mükafatlandırılıb.
“Bölgələrdən bölgələrə” festivalının yekun tədbirində folklor və rəqs kollektivlərinin, incəsənət ustalarının konsert proqramı nümayiş olunub, tədbir iştirakçıları Mərdəkan Mədəniyyət sarayının həyətində nümayiş etdirilən xalq sənətkarlıq nümunələrinin, rəssamların əl işlərinin sərgi-yarmarkası ilə tanış olublar. Sərgi-yarmarka regional mədəniyyət idarələrinin əhatə etdiyi şəhər və rayonların xalq sənətkarlığını, mədəni irsini, incəsənətini əks etdirib.
Bədii hissədə nazirliyin regional idarələrini təmsil edən və festivalda fərqlənmiş musiqi kollektivləri və incəsənət ustalarının çıxışlarından ibarət konsert proqramı təqdim olunub.
Qeyd edək ki, Mədəniyyət Nazirliyinin təşəbbüsü, nazirliyin regional idarələrinin iştirakı ilə bu il ikinci dəfə gerçəkləşən festivala martın 28-də Gəncə şəhərində start verilib. Festival nazirliyin 16 regional idarəsini əhatə edib. İki ay davam edən festival proqramında nazirliyin regional idarələrinin tabeliyində olan 65 şəhər və rayon iştirak edib. Festival çərçivəsində 80-ə yaxın musiqi kollektivi (folklor, rəqs, musiqi ansamblı, xor və s.), 50-dən çox incəsənət ustası müxtəlif janrlar üzrə (muğam, aşıq musiqisi, estrada, instrumental, vokal ifa və s.) çıxış edib, xalq sənətkarlıq nümunələri, rəssamların əl işlərinin sərgi-yarmarkaları təşkil olunub.
Xatırladaq ki, 2018-ci ilin yayında Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə keçirilən “Bölgələrdən bölgələrə” ilk yaradıcılıq festivalı Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunub.
azertag.az