Azərbaycanın fövqəladə hallar naziri Zaqatalada zəlzələdən zərər çəkən sakinlərlə görüş keçirib
12.2.2013

Azərbaycanın fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov zəlzələ bölgəsinə səfəri çərçivəsində Zaqatalada yerli sakinlərlə görüşüb.

Gözbarax kəndində keçirilən görüşdə Gözbarax, Mamrux, Cimcimax və daha bir neçə ətraf kəndlərin sakinləri iştirak ediblər.

Sakinlər zəlzələ nəticəsində evlərinə dəymiş ziyanın yenidən qiymətləndirilməsi üçün evlərə təkrar baxış keçirilməsini nazirdən xahiş ediblər.

K. Heydərov sakinləri dinlədikdən sonra evlərə təkrar baxış keçiriləcəyini, komissiyaların baxışın nəticəsinə uyğun addım atacağını bildirib: “Komissiyalar qəzalı evlərdən hansının yenidən tikilməli olduğuna dair rəy versə, həmin evlərin yerində yenisi inşa olunacaq. Təmir-bərpa rəyi veriləcək evlər üçün isə dövlət tərəfindən kompensasiyalar ödəniləcək”.

K. Heydərov Mamrux kəndindən olan bir neçə sakinin evinə isə özünün iştirakı ilə baxış keçiriləcəyini deyib.

Nazir Gözbarax və Mamrux kəndlərindən sonra rayonun Çobankol kəndində də olub. Çobankol kənd mədəniyyət evində ətraf kəndlərin sakinləri ilə də görüşən K. Heydərov onların şikayətlərini dinləyib.

Nazir yerli sakinlər tərəfindən səslənən bəzi məsələlərin araşdırılması üçün lazımi tapşırıqlar verib.

K. Heydərovun bu gün Balakən rayonunda da yerli sakinlərlə görüşü gözlənilir.

APA