Azərbaycanın ilk telekommunikasiya peyki fevralın 15-də orbitdə öz yerini tutacaq
12.2.2013

Azərbaycanın fevralın 8-də Fransa Qvianasının Kuru kosmodromundan kosmosa buraxdığı «Azerspace-1» ilk milli süni telekommunikasiya peyki artıq fevralın 15-də orbitdə öz yerini tutacaq.

Peyk orbitdə 46 dərəcə şərq uzunluq dairəsində yerləşəcək. «APA-Economics»in məlumatına görə, bunu «Azərkosmos» ASC-nin sədri Rəşad Nəbiyev bildirib.

Onun sözlərinə görə, mart ayının ilk yarısında isə «Azerspace-1» peyki tam olaraq «Azerkosmos»a təhvil veriləcək: «Və məhz martın 15-dən sonra aktiv müştərilərin cəlb olunmasına başlanacaq. Maraq böyükdür».

Xatırladaq ki, ABŞ-ın «Orbital Sciences» şirkəti tərəfindən istehsal olunan «Azerspace-1» peyki «Ariane-5» kosmik daşıyıcısı ilə orbitə çıxarılıb. Peykin ümumi çəkisi 3 250 kq təşkil edir və onun istifadə müddəti 15 ildir. Peyk 36 aktiv C və Ku siqnal transponderlərə malikdir və Azərbaycan, Mərkəzi Asiya, Avropa və Afrika ölkələri üçün xidmət göstərəcək. Peykin orbitdəki yeri isə Şərq istiqamətində 46 dərəcədir.

Xatırladaq ki, peykin imkanlarının 20%-i Azərbaycanın tələbatını ödəmək üçün, qalan 80%-i isə kommersiya məqsədilə istifadə ediləcək.

Yer səthinin müşahidəsi üçün Azərbaycan peykinin aşağı yer orbitinə çıxarılması 2015-ci ilə, ikinci telekommunikasiya peykinin orbitə çıxarılması isə 2016-cı ilə planlaşdırılıb.

Azərbaycan növbəti illərdə ilk olaraq aşağıorbitli peyklərin, daha sonra isə 2020-ci ilədək bir və ya bir neçə optik və radar peyklərin orbitə çıxarılmasını planlaşdırır.

APA