Kitabxanaya kitablar hədiyyə olunub
21.6.2019

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminə (MKS) yazıçı və tədqiqatçı, Türkiyə və Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü, Təbrizdə anadan olan və hazırda Türkiyədə yaşayan həmyerlimiz Əli Polad 200-dən çox nəfis şəkildə tərtib olunmuş kitab, 40 CD, çoxlu sayda plakatlar hədiyyə edib.

Kitabxanadan bildirilib ki, bu kitablar arasında müəllifin “Bir damcı su”, “Əzab yüklü eşşək” kitabları, “Üç min ilin hikməti” CD-si da var.

Əli Polad bir neçə universitetin fəxri doktoru və professoru, vətənpərvər ziyalı və maarifçi insandır. Onun “Əzab yüklü eşşək” kitabında 24 elmi şərh və izah, 24 məsəl, 1 yanıltmac, 90 lətifə, 13 şeir, 104 atalar sözü, 4 tapmaca, 4 bayatı, 32 hekayə və nağıl, 2 povestdən parça, eləcə də ulaqla bağlı xalq arasında yayılmış müxtəlif inanclar, adət-ənənələr və türkəçarələr verilib. “Bir damcı su” kitabında isə suyun fiziki-kimyəvi özəlliklərindən bəhs olunur.

Kitablar respublikamızın bir çox şəhər və rayon mərkəzi kitabxanalarına göndəriləcək.


azertag.az