İyunun 27-də UNESKO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində Abdulla Şaiqin mənzil-muzeyində “Abdulla Şaiq və teatr” adlı tədbir keçirilib.
Tədbir Abdulla Şaiqin mənzil-muzeyi və Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının birgə təşkilatçılığı ilə reallaşıb.
Muzeyin böyük elmi işçisi Günel Əsədova “Abdulla Şaiq və teatr” adlı məruzə ilə çıxış edib. G.Əsədova A.Şaiqin Azərbaycan teatr tarixindəki xüsusi xidmətlərindən danışıb. Ədib bir-birinin ardınca dəyərli pyeslər yazdığını onları teatr tarixində müstəsna rolu olan görkəmli rejissorlarımızdan Məhərrəm Haşımov, Zəfər Nemətov tərəfindən səhnəyə qoyulduğunu söyləyib.
Məruzəçi, həmçinin “Gözəl bahar” pyesi ilə uşaq dramaturgiyasının əsasını qoyan A.Şaiqin “Bir saat xəlifəlik” pyesinin tarixçəsindən və əsərin səhnə təcəssümündən söz açıb.
Azərbaycan Gənc Tamaşaçılar Teatrının aktyorlarının ifasında A.Şaiqin “Danışan kukla”, “Qaraca qız” pyeslərindən, “Tıq-tıq xanım” mənzum nağılından nümayiş etdirilən səhnəciklər tədbirə xüsusi rəng qatıb.
Azərbaycan Dövlət Teatr Muzeyinin direktoru Sevinc Mikayılova Azərbaycan teatr tarixində A.Şaiqin müstəsna xidmətlərindən, bütün dövrlər üçün aktuallığından danışıb.
Sonda Abdulla Şaiqin dramaturji yaradıcılığı və teatr fəaliyyəti ilə bağlı muzeyin əsas fondunda qorunan materiallar əsasında hazırlanmış videoçarx nümayiş etdirilib.
azertag.az